BAKI, 11 oktyabr — Sputnik. Ermənistanda istefa dalğası başlayıb. Respublikanın bir çox qurumlarına rəhbərlik edən şəxslər istefa veriblər.
Xatırladaq ki, bir müddət əvvəl keçmiş ədliyyə naziri Qriqor Minasyanın müavini Sirvard Gevorgyan istefa verdiyini açıqlayıb. Gevorqyan qərarını iki müxalif siyasi düşərgənin təzyiqi və manipulyasiyası ilə izah edib və qeyd edib ki, o, öz mövqeyini qorumaq üçün dostlarını və həmkarlarını təhlükəyə atmağa hazır deyil. Gevorqyanın istefası hakim fraksiya deputatlarının istefasını tələb etdiyi ədliyyə naziri Qriqor Minasyana təzyiqlər fonunda baş verib. Oktyabrın 1-də isə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan istefa vermişdi.
Oktyabrın 11-də isə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan tutduğu vəzifədən istefa ərizəsi yazıb. Vardanyan bu vəzifəni 2018-ci ilin iyun ayından tutub və əvvəllər Ermənistanın Elektrik Şəbəkələri, Tashir Group və Yüksək Gərginlikli Elektrik Şəbəkələri şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Qeyd edək ki, oktyabrın 10-da Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının sədri Qaregin Baqramyanın da istefa verdiyi məlum olub.
Ermənistanda istefa zincirinin növbəti halqası isə iqtisadiyyat nazirinin müavini Narek Teryan olub. Teryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb. Teryan 2021-ci ilin aprelində baş nazir Nikol Paşinyanın qərarı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib.
Bu günlərdə həmçinin Ermənistan parlamentində elektrik təchizatı ilə bağlı dinləmələr keçirilib və bu sektora cavabdeh şəxslər kəskin tənqid edilib.
Politoloq Yeganə Hacıyeva Sputnik Azərbaycan-a bildirib ki, bu istefalar Paşinyan hakimiyyətini zəiflətmir: "İstefalar Nikol Paşinyan hakimiyyətinə etirazlardan qaynaqlanmır. Bu istefalar hökumətin özündən qaynaqlanır və razılaşdırılmış tendensiyadır. Amma mən bu istefalar içərisində ədliyyə naizirinin istefasını istisna edərdim. Paşinyan artıq hakimiyyətinin yetərincə gücləndiyi qənaətindədir. O hesab edir ki, hakimiyyətə gəldiyi vaxtda balans xatirinə vəzifədə qalmasına göz yumduğu şəxslər artıq ona lazım deyil".
Yeganə Hacıyeva, arxiv şəkli
© Photo : Courtesy of Yegana Hajiyeva
Politoloq qeyd edib ki, daha sonrakı dövrdə vəzifədən çıxanlar öz istefaları ilə bağlı hələlik susurlar, ancaq gözləmək olar ki, sonrakı dövrdə onlar Paşinyan hakimiyyəti ilə razı olmadıqlarını arqument kimi istifadə edə bilərlər: "Paşinyan komandasını gücləndirməyə məcburdur və köhnələrdən canını qurtarır. O hesab edir ki, həmin şəxslər revanşist qüvələrin maraqlarını bölüşürlər. Paşinyan üçün kadr çatışmazlığı anlayışı yoxdur. Ümumiyyətlə post-sovet məkanında kadr çatışmazlığı kimi bir reallıq yoxdur. Çünki istənilən şəxs hər hansı vəzifəni tuta bilər".
"Ermənistanda hazırda hakimiyyət daxilindəki müxalifətin hansısa formada güclənməməsi üçün bu cür daxili təmizlik işləri görülür. Çünki keçmiş sovet ölkələri üçün küçədəki müxalifət hakimiyyət üçün heç vaxt təhlükə daşımır", - politoloq qeyd edib.