DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ kəşfiyyatının rəsmisi İranın nüvə silahı hazırlamasından danışdı

Bundan əvvəl bildirilmişdi ki, İran parlamentinin 39 nəfərdən ibarət qrupu nüvə silahının hazırlanmasına icazə verilməsi üçün İranın Milli Təhlükəsizlik Ali Şurasına müraciət edib.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. İranın ali dini lideri Ayətullah Əli Xamenei nüvə silahının yaradılmasını qadağan edən 2003-cü ildə verdiyi fətvanın ləğvi barədə qərar verməyib. Bu barədə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisinin rəsmi nümayəndəsi Reuters-ə şərhində bildirib.
"Biz inanırıq ki, Ali Rəhbər İranın 2003-cü ildə dayandırdığı nüvə silahı proqramını bərpa etmək barədə qərar qəbul etməyib", - ABŞ kəşfiyyat rəsmisi deyib.
Bundan əvvəl bildirilmişdi ki, İran parlamentinin 39 nəfərdən ibarət qrupu nüvə silahının hazırlanmasına icazə verilməsi üçün İranın Milli Təhlükəsizlik Ali Şurasına müraciət edib.
İran uzun müddətdir ki, nüvə proqramının sülhməramlı xarakterini qoruyur və onun məqsədinin enerji və tibbi texnologiyaların inkişaf etdirilməsi olduğunu iddia edir. İran və dünya gücləri arasında 2015-ci il nüvə sazişi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına əsasən, Tehran sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracağına söz verib. Lakin 2018-ci ildə ABŞ-ın sazişdən çıxmasından və sanksiyaların bərpasından sonra İran öz öhdəliklərinə əməl etməyi tədricən azaldıb.
Son illər İranın nüvə proqramını öz təhlükəsizliyinə ciddi təhdid hesab edən İsrailin daimi təhdidləri fonunda vəziyyət daha da pisləşib. İsrail İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün hərbi tədbirlər görməyə hazır olduğunu açıq şəkildə bəyan edib.