BAKI, 10 oktyabr — Sputnik. "Bəzən axşamlar saat 10-da öz-özümə deyirəm ki, bu "App"dən (Youtube) istifadə etmə , get yat".
Bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində "Youtube" platformasının təsisçisi Steven Çen (qısaca Stiv) deyib.
"Youtube" platformasını yaradanda nə vaxtsa belə düşünəcəyim ağlıma gəlməzdi. İlk vaxtlar biz bunu tanışlıq platforması kimi yaratmağı düşünürdük", o, əlavə edib.
Qeyd edək ki, Bakıda "PAŞA Holdinq"in təşkilatçılığı ilə "INMerge İnnovasiya Sammiti" (INMerge Innovation Summit 2024) işinə başlayıb.
İkigünlük sammitdə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.
Müzakirə olunacaq mövzular sırasında "fintech", telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, "insurtech" kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq.
Bundan əlavə, "yeni iqtisadiyyat" vertikalında qabaqcıl texnologiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.
Amerikalı sahibkar, YouTube-un həmtəsisçisi, AVOS Systems Inc. və MixBit-in qurucusu Stiv Çen 18 avqust 1978-ci ildə Tayvanın Taybey şəhərində anadan olub. Onun 8 yaşı olanda ailəsi ABŞ-a köçüb. Stiv İllinoysda məktəbi bitirib.
2005-ci ildə Çed Hörli və Caved Kərimlə birlikdə YouTube video hostinq saytını təsis ediblər. 16 oktyabr 2006-cı ildə Çed Hörli ilə birlikdə YouTube-u Google-a 1,65 milyard dollara satıblar.
2018-ci ildə YouTube-u satarkən aldığı Google səhmləri 729 milyon dollar dəyərində idi.
O, 2002-ci ildə EBay tərəfindən ələ keçirilməzdən əvvəl PayPal-da işləyən investorlar və sahibkarların qeyri-rəsmi birliyi olan "PayPal Mafia" adlanan birliyin üzvü hesab olunurdu.
Stiv Çen bir neçə il Theta-da məsləhətçi kimi çalışıb.
Ailəlidir, iki övladı var. Ailəsi ilə birlikdə San Fransiskoda yaşayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.