RUSİYA

Rusiyada doğumu stimullaşdırmaq üçün "uşaqsızlıq" vergisinin tətbiqi təklif edilir

Dövlət Dumasının deputatı Yevgeni Fedorov hesab edir ki, əlavə vergi hələ övladı olmayan rusiyalı gənc ailələri müsbət qərar qəbul etməyə - ən azı bir uşaq sahibi olmağa sövq edəcək.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Rusiyada uşaqsızlığa görə verginin tətbiqi müzakirə olunur. Deputatlar bununla bağlı hələlik konkret qərar açıqlamayıblar.
Rusiya KİV-ləri xəbər verir ki, Dövlət Dumasının deputatı Yevgeni Fedorov hesab edir ki, əlavə vergi hələ övladı olmayan rusiyalı gənc ailələri müsbət qərar qəbul etməyə - ən azı bir uşaq sahibi olmağa sövq edəcək.
Bununla belə, deputat Yaroslav Nilov hesab edir ki, belə bir tədbir vəziyyəti daha da pisləşdirə bilər.
Dövlət Dumasının Ailənin Müdafiəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina da verginin tətbiqi ideyasını pisləyib. Onun sözlərinə görə, uşaqsızlığa görə vergi rusiyalılar arasında qorxu və hakimiyyətə inamsızlıq yaradacaq.
Deputat gənc ailələri uşaq sahibi olmaqdan çəkindirən problemlərin ilkin mərhələdə həllini təklif edib.
Vergi Rusiyada doğum səviyyəsinin artmasına kömək etməyəcək
Dövlət Dumasının Ailənin Mühafizəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin sədr müavini Vitali Milonov isə əmindir ki, uşaqsızlığa görə vergi Rusiyada doğum səviyyəsinin artmasına kömək etməyəcək.
“Uşaqsızlıq vergisi Sovet İttifaqında tətbiq edilib. Bildiyimiz kimi, sovet dövründə doğum səviyyəsi get-gedə aşağı düşürdü. O zaman əhalinin təkrar istehsalı səviyyəsi 2,12%-dən aşağı idi” - parlamentari aif.ru-ya müsahibəsində izah edib.
Onun sözlərinə görə, vergilər və digər neqativ tədbirlər doğum səviyyəsi probleminin həllinə kömək etməyəcək. Məsələ düzgün dəyərlər və qaydalarla əlaqədardır.
Milonov vurğulayıb ki, gənclərə düzgün dəyərlər aşılanmalıdır ki, evlənəndə bir neçə uşaqlı ailənin haqlı olduğunu başa düşsünlər.
“Uşaq sahibi olmamaq qayda kimi istisnadır. Biz bu insanları qınamırıq, lakin bu, norma da deyil... bu, müəyyən dərəcədə patologiyadır, qeyri-təbiidir” - deyə deputat əlavə edib.
Spiker deputatları düşünmədən danışmamağa çağırdı
Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə ölkədə uşaqsızlığa görə verginin tətbiqi təklifini şərh edərkən parlamentarilərdən irəli sürdükləri təşəbbüslər üzərində diqqətlə düşünməyi xahiş edib.

“Biz deputat həmkarlarımıza daim deyirik: “Təşəbbüs irəli sürməzdən əvvəl düşünməlisiniz, cəmiyyəti qorxutmağa ehtiyac yoxdur”.

O, Rusiya Federasiyasında uşaqsızlığa görə verginin tətbiqi ideyasını ifrat adlandırıb.
Dövlət Dumasının sədri deyib:
“İnsanları uşaq dünyaya gətirmə əleyhinə təbliğatdan qorumaq məsələsini həll etmək üçün lazım olan söz tam olmalıdır”.
Spiker eyni zamanda, ölkədə uşaq dünyaya gətirməkdən imtinanın təbliğatına qarşı mübarizə üçün standartların qəbul edilməsinin zəruri olduğunu vurğulayıb. Onun fikrincə, ailəni qorumaq və ölkədə daha çox uşaq dünyaya gətirmək üçün hər şeyi etmək lazımdır.
Bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev uşaqsızlığa görə SSRİ-də mövcud olan "uşaqsızlıq" vergisinin tətbiq edilməsini və ondan gələn pulların uşaq evlərinin inkişafına sərf edilməsini təklif edib.
Xatırladaq ki, Rusiyada uşaqsızlıq ideologiyanın təbliğatını qadağan edən qanun layihəsi də müzakirə olunur. Vyaçeslav Volodin izah edib ki, qadının uşaq sahibi olmaqdan imtina etmək qərarı bu qanuna aid deyil.
Xatırladaq ki, uşaqsızlıq vergisi - 1940-cı illərdən etibarən Sovet İttifaqında tətbiq edilən vergi olub. Yerli əhali arasında "subaylıq vergisi" adı ilə də bilinir. İosif Stalin rejimi, yetkin insanları çoxalmağa təşviq etmək məqsədilə vergi yaratdı və beləliklə Sovet İttifaqı əhalisinin sayını artırdı. Gəlirin 6%-nin cəlb edildiyi vergi 25–50 yaşlı kişiləri və 20–45 yaşlı evli qadınları əhatə edirdi. Vergi Sovet İttifaqı dağılanadək qüvvədə qalmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin