BAKI, 10 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin bütün Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqini genişləndirib. Hüquqi aktlar portalında dərc edilən yenilənmiş fərmanda əvvəllər viza tələb olunan istisnalar artıq mövcud deyil.
Gürcüstan vətəndaşları üçün 2000-ci ildə tətbiq edilən viza rejimini ləğv edən fərman 2023-cü ilin mayında dərc edilib. Halbuki, o zaman Rusiyada işləməyi və ya ölkədə 90 gündən çox qalmağı planlaşdıran şəxslər üçün hələ də viza tələb olunurdu. İndi yeni sənəd bütün Gürcüstan vətəndaşlarına səfərin məqsədindən asılı olmayaraq Rusiyaya vizasız daxil olmaq imkanı verir.
Gürcüstan 2012-ci ildə rusiyalılar üçün vizaları ləğv edib. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdıqdan sonra ölkələr arasında diplomatik əlaqələr Tbilisi tərəfindən kəsilib. 2019-cu ildən 2023-cü ilə qədər Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına və turist paketlərinin satışına qadağa qoyulub.
Gürcüstanın hazırkı hökuməti Mixail Saakaşvilinin yürütdüyü qərbyönümlü siyasətin yanlışlığını etiraf edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Tbilisi, Sxinvali və Suxumi arasında münasibətlərin sülh yolu ilə nizamlanmasına yardım etməyə hazırdır. Gürcüstan hakimiyyəti vəziyyətin normallaşması üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin