BAKI, 10 oktyabr — Sputnik. Müharibə səbəbindən təhsil arzusu yarımçıq qalan Vətən müharibəsi qazisi, I qrup əlil Valeh İsayevə təhsilini davam etdirməsi üçün şərait yaradılacaq.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 9-da qurumun rəsmiləri Bakı Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazisi Valeh İsayevi ziyarət edib. Görüş qazinin təhsilini davam etdirməsi ilə bağlı müraciətinin təmin edilməsi məqsədilə keçirilib:
"Valeh İsayev müharibədə ağır yaralanaraq hərəkət qabiliyyətini itirməsinə baxmayaraq təhsilini davam etdirmək istəyini bildirib. Görüş zamanı Agentlik rəsmiləri qazinin müraciətini dinləyib və onun xüsusi vəziyyəti nəzərə alınaraq qanunvericilik çərçivəsində təhsil hüququnun təmin olunması üçün uyğun tədbirlərin görüləcəyini bildiriblər".
Valeh İsayev
© Photo : State Agency for Science and Higher Education
Xatırladaq ki, Valeh 4 il öncə Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinə qəbul olub, müharibəyə könüllü yazıldığından ora yollanıb və təhsil ala bilməyib. Sonradan yaralanıb hərəkət qabiliyyətini tamamilə itirib. Amma hər hansı əqli problemi yoxdur. Bununla belə, universitetdə təhsilinə başlaya bilməyib.
Rəsmi açıqlamalarda isə Valeh İsayevin təhsili ilə bağlı problemin səbəbinin Agentliyə və ya qəbul olduğu universitetə müraciətin daxil olmaması göstərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.