BAKI, 10 oktyabr — Sputnik. Ermənistan yaxın dörd həftə ərzində Azərbaycanla sülh sazişinin müddəalarını imzalamağa ümid edir. Bunu Reuters agentliyinə Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
Onun sözlərinə görə, İrəvan ümid edir ki, Azərbaycan noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 İqlim Dəyişikliyi Konfransına qədər 16 maddəni imzalayacaq.
"Əgər bu bizdən asılı olsaydı, biz bunu elə indi, bu gün imzalayardıq, amma ümid edirik ki, gec-tez bu nöqtəyə çatacağıq", - Xaçaturyan bildirib.
Ermənistan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan rəsmiləri ilə hələ də daha bir neçə maddə üzrə danışıqlar aparılır.
Sülh müqaviləsi ilə bağlı növbəti açıqlama isə Paşinyandan gəlib.
Nikol Paşinyan
© Sputnik / Кристина Кормилицына
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib ki, Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Ermənistan rəsmilərinin son açıqlamalarında sülh sazişi imzalamaq üçün tələsmələri aydın görünür.
Bəs Ermənistan hakimiyyətini sülhə tələsdirən nədir?
Mövzu ilə bağlı Azərbaycan Respublikasının keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli və millət vəkili Aydın Mirzəzadə Sputnik Azərbaycan-a danışıblar.
Azərbaycan Respublikasının keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyir ki, Ermənistan rəsmilərinin belə israrlı olmasının səbəbi daxili amillərlə bağlıdır: "Ermənistanın daxilindəki revanşistlər, o cümlədən ordudakı qüvvələr mövcud vəziyyəti pozmaq istəyirlər. Paşinyan hakimiyyətinin məğlubiyyəti üçün hər cür imkandan istifadə edirlər. Ona görə də, Paşinyan sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir. Hesab edirəm ki, sülh müqaviləsinin imzalanmasında qlobal güclərin hamısı maraqlı deyil".
Qabil Hüseynli, politoloq
© Sputnik
Keçmiş dövlət müşaviri bildirir ki, Qərb Ermənistanı silahlandırır və belə bir şəraitdə onların sülhü təşviq edən bəyanatlar səsləndirməsi ziddiyyətlidir: "Xüsusən də ABŞ-da Azərbaycana qarşı düşmənçilik niyyətləri özünü aydın şəkildə göstərir. Biz bunu konqresmenlərin son addımlarında da görə bilərik. ABŞ regional maraqları çərçivəsində ikili oyun oynayır. Ümumilikdə isə onun əsas məqsədi sülh müqaviləsini öz maraqlarına uyğun formalaşdırmaqdır. ABŞ sülh nizamlanması prosesinə kömək eləmək əvəzinə, bir çox hallarda ona əngəl törədir".
Politoloq bildirib ki, Ermənistan rəsmiləri daxili siyasi vəziyyətin xoşagəlməz nəticələr doğuracağını anladıqlarından nizamlanma prosesinin sürətlənməsinə maraq göstərirlər: "Sülhün imzalanması Ermənistana iqtisadi dividentlər gətirə bilər. Təbii ki, burada tərəflərin razılaşdırmalı olduqları məqamlar həm də qlobal güclərin maraqlarını toqquşdurur. Xüsusən də kommunikasiyaların fəaliyyəti üçün razılaşmaların əldə olunması tərəflər üçün həyati önəm daşıyır. Yekun olaraq deyə bilərəm ki, Ermənistanın rifahı həm də sülh müqaviləsinin imzalanmasından keçir".
Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, Ermənistan rəsmilərinin sülh müqaviləsi deyərkən nəyi nəzərdə tutması aydın deyil: "Sülh müqaviləsinin müəyyən baza prinsipləri üzrə razılaşmalar var. Onlar baza prinsiplərinin adını sülh müqaviləsi qoyub imzalamaq istəyirlər, amma bu sülh demək deyil. Ermənistan iddialarından hüquqi baxımdan əl çəkmədikcə bütün deyilən sözlər ictimaiyyəti adlandırmaqdır. Ermənistan rəsmiləri sülhsevər obrazıların formalaşdırmaq istəyirlər".
Millət vəkili qeyd edir ki, Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşması həm də Türkiyə ilə münasibətlərin bərpası deməkdir. Onun sözlərinə görə, münasibətlərin normallaşması Ermənistanın Azərbaycan və Türkiyənin müəllifi olduğu iqtisadi layihələrdə iştirakı deməkdir: "Ermənistan bunun yaxşı fərqindədir. Zəngəzur dəhlizinin açılması Ermənistan üçün iqtisadi baxımdan sərfəlidir. Azərbaycan da Ermənistanla sülh müqaviləsini imzalamağa hazırdır, ancaq bu yarımçıq olmamalıdır. Buna görə də, rəsmi mütəmadi olaraq Ermənistan sülh sazişi ilə bağlı təkliflərini göndərir".
"Ermənistan rəsmiləri dövlətçiliklərinin varlığını xarici dayaqlarda görürlər. İndi mövcud Paşinyan hakimiyyətinə ABŞ, Fransa və digər dövlətlərin dəstəyi ən yüksək həddə çatıb. Ermənistan rəsmiləri bu baxımdan öz dövlətçilik maraqlarından daha çox kənar təsirlərin diktəsi ilə hərəkət etmək məcburiyyətindədirlər. Amma bu Ermənistana indiyə qədər hər hansı divident qazandırmayıb", - millət vəkili fikirlərini yekunlaşdırıb.