PAYTAXT XƏBƏRLƏRİ

"Bakının dərdi var, Bakı xəstədir" - Paytaxtı hara köçürək?

Natiq Cəfərli deyir ki, paytaxt köçürülmədən də Bakının yükünün azaldılması mümkündür.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. "Bakı və Abşeronun həddindən artıq yüklənməsinin səbəbi, bütün iqtisadi, elmi potensialın Bakı və Abşerona cəmlənməsidir. Paytaxtın köçürülməsi üçün 10 milyardlarla dollar vəsait lazımdır. Bu, çox bahalı layihədir".
Bi sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli söyləyib. N.Cəfərli deyib ki, paytaxt köçürülmədən də Bakının yükünün azaldılması mümkündür.
İşğaldan azad olunmuş ərazilərimiz xilas yolumuzdan biridir
Qeyd edək ki, son günlər paytaxtın köçürülməsi geniş müzakirə olunur. Buna səbəb, yeni dərs ili başlayandan ictimai nəqliyyatda hədsiz sıxlığın yaranmasıdır. Mütəxəssislər ictimai nəqliyyatda sıxlığın yaranmasına əsas səbəbinin paytaxtın yüklənməsi, əhalinin çoxunun Bakıda cəmləşməsi olduğunu söyləyirlər. Bəs görəsən, paytaxtın köçürülməsi problemin həlli yoludurmu?
Natiq Cəfərli deyir ki, paytaxt köçürülmədən də Bakının yükünün azaldılması mümkündür. Bunun üçün iğladan azad edilmiş ərazilərimiz dirçəldilməlidir.
Natiq Cəfərli
"Şərqi Zəngəzurda və Qarabağda elə konsepsiya yaratmaq lazımdır ki, mədəni və iqtisadi fürsətlər insanaların orada yaşamasına imkan versin, həmin ərazilərə böyük köç baş tutsun. Ən azı iki milyon əhalini azad olunmuş ərazilərə köçürə bilərik", deyə iqtisadçı bildirib.
Universitetlər və nazirliklər əyalətlərə köçürülməlidir
Həmsöhbətimiz deyir ki, bunun üçün yollardan biri böyük universitetlərin Bakıdan çıxarılaraq bölgələrə köçürülməsidir. Onun sözlərinə görə, bunun üçün kompleks yanaşma olmalıdır. Müəllimlər üçün universitetlərin köçürüldüyü şəhərlərdə evlər tikilməli, əmək haqqı artırılmalı, böyük tələbə şəhərcikləri salınmalıdır: "İlkin addım olaraq Xankəndidə Qarabağ Universiteti yaradıldı. Bu çox yaxşı nümunədir. Amma bununla kifayətlənmək olmaz. Bəzi nazirlik və dövlət idarələrinin köçürülməsi də lazımdır. Məsələn, Kənd Təsərrüfatı Naziriyinin, Ali Məhkəmənin və ya Konstitutsiya Məhkəməsinin Bakıda nə işi var?! Bu kimi dövlət qurumları bölgələrə köçürülərsə, yeni iqtisadi fürsətlər yaranar, iş yerləri açılar. Bu, həm Bakının yükünü azaldar, həm də regionların inkişafına təkan verər".
Əhalinin yarısı Bakıda işləyir
İqtisadçı deyir ki, regionlardan əhalinin Bakıya axışmasının əsas səbəbi iqtisadi amillərdir.
"Ölkə əhalinin az qala yarısı Bakıda işləyir. Əgər rayonlarda iş yerləri açılarsa heç kəs öz evini qoyub gəlib Bakıda kirayə qalıb işləməz", - deyə Natiq Cəfərli bildirib.
O, ki qaldı paytaxtın köçürülməsinə, həmsöhbətimiz bildirir ki, 19-20-ci əsrlərdə paytaxt şəhərlər ölkənin sərhəd yerlərində deyil, mərkəz hissələrində salınırdı. Onun sözlərinə görə, paytaxtın sərhədlərdən kənar olması daha məntiqlidir. O, bildirir ki,Azərbaycanda bu şərtləri qəbul etsək, paytaxt gərək Kürdəmirə köçürülsün. Orada isə su resursları, iqlim şəraiti paytaxt salmağa imkan vermir: "Məsələn, Gürcüstanada. Kutaisi çox kiçik şəhər idi. 20 il bundan öncə Gürcüstan hökuməti Kutaisini regional ucuz uçuş mərkəzi elan etdi. Daha sonra isə parlamenti ora köçürdü. Bu iki məsələyə görə Kutaisinin əhalisi iki dəfəyə qədər artıb. Artıq Kutaisi böyük bir şəhərə çevrilmək üzrədir. Bu tip nümunələri Azərbaycanda da tətbiq etməklə Bakının yükünü azaltmaq mümkündür".
Bakı əhalisi
Bakı yaşamalı yer deyil?
Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev isə Sputnik Azərbaycan-a bildirib ki, əhalinin yaşam tərzinə görə Bakı ən uğursuz coğrafi məkandır. Mütəxəssis bildirir ki, Bakı coğrafi mövqeyinə görə yarımsəhra və quruçöldür. O, Xəzəryanı dövlətlərdən ancaq Azərbaycanın paytaxtının Xəzərin sahilində yerləşdiyini söyləyir. Bildirir ki, paytaxtın köçürülməsi o qədər də asan deyil. Onun sözlərinə görə, Bakı və Abşeronda hazırda qeyri-rəsmi rəqəmlərə görə, 5 milyon əhali yaşayır.
"Dünyanın elə bir dövləti yoxdur ki, onun əhalinisin 50-60 faizi paytaxtda yaşasın. Ona görə də biz coğrafi mərkəzdə yaxşı paytaxt tikməliyik. Azərbaycan vaxtilə aqrar sənaye ölkəsi idi. Biz kənd təsərrüfatı strukturunu düzəldə bilsək, Bakı əhəmiyyətli dərəcədə dəyişəcək. Bakını mədəni paytaxt kimi saxlamaqla daha coğrafi mərkəz tapmalıyıq", - deyə Ə.Əliyev bildirib.
İctimai nəqliyyatın infrastrukturu genişləndirilməlidir
Nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev isə deyir ki, paytaxtın köçürülməsinə sərf edilən pulu ictimai nəqliyyatın sayının artırılmasına, genişləndirilməsinə xərcləmək lazımdır. R.Ağamirzəyev bildirib ki, Bakıda metro şəbəkəsi genişləndirilərsə, paytaxtı köçürməyə lüzum qalmaz.
Bakı metrosu
"İki dəqiqə intervalla 1600-1700 sərnişin daşıyan ictimai nəqliyyat növünün alternativi hazırda yoxdur. Ona görə də, biz metro şəbəkəsini genişləndirməli, ictimai nəqliyyat növlərinin sayını artırmalıyıq ki, hər kəs şəhərə avtomobillə daxil olmasın. Bu gün Bakıda sıxlıq yaradan əsas amillərdən biri də ictimai nəqliyyatın inkişaf etdirilməməsi, avtomobilləşmənin artmasıdır. Bu problemlərin qarşısı alınarsa, paytaxtı köçürməyə ehtiyac qalmaz", - deyə ekspert bildirib.
Bakının yeni alt mərkəzləri yaradılmalıdır
Urbanist Anar Əliyev isə bu fikirdədir ki, urbanizaisya prosesinin sürətlənməsi dünyada müşahidə olunur. O, bildirib ki, insanları məcbur şəkildə paytaxtdan köçürmək effekt verməyəcək. Onun fikrincə, Bakı, Abşeronda 5 milyon əhali sayı o qədər də çox deyil. Yetər ki, bu əhali təhsil almaq, işləmək üçün bir mərkəzə yönəlməsin.
"Bakı əhali sıxlığına görə o qədər də çox deyil. Əsas problem ondadır ki, insanlar işləməyə, təhsil almağa bir mərkəzə axışır. Ona görə də alt mərkəzlərin yaradılması məsələsi həll olunmaldır. Bu məsələ Bakının Baş Planında da nəzərdə tutulub. Baş Planda Bakıda iki əsas və altı alt mərkəzlərin yaradılması öz əksini tapıb. Əhali sıxlığı düzgün paylanılarsa, şəhərin mərkəzi bu qədər də sıx olmayacaq. Hazırda problemi yaradan amil qeyd etdiyim kimi, əhalinin həm iş, həm də təhsil üçün bir mərkəzə yönəlməsindədir. Bu alt mərkəzlər üzrə düzgün paylanılarsa sıxlığı aradan qaldırmaq mümkündür. Çünki, dünyanın elə paytaxtları var ki, orada əhali sayı Bakıdakından çoxdur", - deyə urbanist bildirib.