AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın turizm zonalarında iri müəssisələrin fəaliyyəti qadağan ediləcək

Həmin zonalarda kimya sənayesi, metallurgiya, nüvə energetikası, məişət tuallantılarının zərərsizləşdirilməsi və email müəssisələrinin fəaliyyəti dayandırılacaq.
Sputnik
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycanda turizm və rekreasiya zonalarının ərazisində bir sıra fəaliyyətlər qadağan ediləcək. Başqa sözlə, ölkəmizdə turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyətlər müəyyənləşdirilir. Bununla bağlı "Turizm haqqında" qanuna dəyişiklik edilir.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, turizmin cəlbediciliyini və səmərəliliyini artırmaq üçün görülən kompleks tədbirlər sırasında turizm və rekreasiya zonalarında insanların istirahətinə və sağlamlığının bərpasına mənfi təsir göstərən antropogen amillərin minimuma endirilməsi və aradan qaldırılması mühüm yer tutur:

"Layihə turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədar hazırlanıb".

O bildirib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər ölkəmizdə mövcud olan və gələcəkdə istifadəyə veriləcək turizm və rekreasiya zonalarının ərazilərində qadağan olunacaq fəaliyyət növlərini müəyyənləşdirməklə yanaşı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə zəmin yaradacaq.
Deputat Vüqar Bayramov qeyd edib ki, dəyişikliklərə əsasən, turizm və rekreasiya zonalarında iri sənaye müəssisələrin fəaliyyəti qadağan ediləcək. Bununla da, həmin zonalarda kimya sənayesi, metallurgiya, nüvə energetikası, məişət tuallantılarının zərərsizləşdirilməsi və email müəssisələrin fəaliyyəti dayandırılacaq:
"Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli qərarı ilə "Xızı-Xaçmaz", "Quba" və "Qusar" turizm və rekreasiya zonasının sərhədləri təsdiq edilib. İşğaldan azad olunan Kəlbəcərin yüksək turizm resurslarından səmərəli istifadəsi məqsədilə "Kəlbəcər Turizm İnkişaf Konsepsiya" sənədi hazırlanıb. Kəlbəcər rayonunda 5 turizm və rekreasiya zonasının yaradılması təklif olunur. Bu, o deməkdir ki, yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaq".
"Bütövlükdə, son dəyişikliklər ətraf mühitin qorunması və sağlamlıq turizmin inkişafı baxımdan vacib hesab olunur" - o əlavə edib.
Qeyd edək ki, Milli Məclis qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Dəyişikliyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:
-kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət,
-iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;
-tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət
-"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunun əlavəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət.
Xatırladaq ki, turizm və rekreasiya zonaları – xüsusi ekoloji, tarixi və mədəni əhəmiyyət daşıyan, təbiəti mühafizə, tarixi və mədəni irsi qoruma, turizmin dayanıqlı təşkili və davamlı inkişafı, investisiya qoyuluşunun təşviqi məqsədilə ayrılan, habelə sahibkarlıq subyektlərinin inkişafına kömək edən, sərhədləri dəqiq müəyyən edilmiş turizm əhəmiyyətli ərazilərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.