DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qlobal təhdid: Tehran nüvə silahına malikdirmi?

Xüsusən də İran rejiminin ideoloji xarakteri onun nüvə potensialına malik digər dövlətlərin davranışından tamamilə fərqli olmasına səbəb ola bilər.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. Oktyabrın 5-də İranın Semnan əyalətində 4,5 bal gücündə zəlzələ baş verməsi barədə xəbər yayıldı. Bu isə İranın ilk nüvə silahını sınaqdan keçirməsi ilə bağlı iddialara səbəb olub.
Bildirilir ki, bu cür seysmik hadislər adətən zəlzələ nəticəsində baş verir. Xarici KİV yazır ki, baş verən zəlzələ əslində İsrailin hücum hədələrinə cavab olaraq İran tərəfindən həyata keçirilən yeraltı nüvə sınağıdır.

Tədqiqatçılar qeyd edirlər ki, zəlzələ kimi təqdim edilən hadisənin seysmik sıxılma dalğası yoxdur, bu da hadisəni zəlzələdən daha çox partlayışla uyğun edir. Seysmik aktivliyin mərkəzi Aradan şəhəri yaxınlığındakı Kavir səhrasında olub və tipik zəlzələ vibrasiyaları ilə nüvə sınaqları arasında müqayisələr bu hadisənin nüvə sınağına daha çox bənzədiyini göstərir.

Məlumdur ki, ABŞ və İsrail üçün Yaxın Şərqdə nüvə silahına malik İran qəbul edilməzdir. Xüsusən də İran rejiminin ideoloji xarakteri onun nüvə potensialına malik digər dövlətlərin davranışından tamamilə fərqli olmasına səbəb ola bilər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatına görə, 2024-cü ilin may-avqust ayları arasında İranda 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının əhəmiyyətli dərəcədə artması müşayiət olunub. Maraqlıdır ki, 60% saflığa qədər zənginləşdirilmiş uran nüvə silahı istehsalı üçün lazım olan 90%-in yalnız bir addımlığındadır. Artıq İranın bir-iki həftə ərzində nüvə silahı hazırlayacağı ilə bağlı da fikirlər səsləndirilir. Nüvə ekspertləri isə hesab edirlər ki, İrana nüvə silahı hazırlamaq üçün həftələr deyil, aylar və bəlkə də bir il vaxt lazımdır.

Beynəlxalq Münasibətlər üzrə ekspert Velina Tçkarova maraqlı iddia ilə çıxış edib. O qeyd edib ki, İran tərəfinin Xəzər sahillərində nüvə sınağı keçirməsi ilə bağlı iddialar təəccübləndirici deyil.

"Qeyd edim ki, İran rəhbərliyi bir neçə ay öncə İsrailin strateji məğlubiyyətindən danışarkən, mən bunun heç də İsrailin döyüş meydanında məğlub edilməsi yox, əksinə Tehranın nüvə silahı əldə etməsi ilə bölgədə strateji balansı dəyişməsi olacağını qeyd etmişdim. Böyük ehtimal Tehranın son aylarda proksi şəbəkəyə qarşı edilənlərə səssiz qalması, bu dumanlı vəziyyətdən istifadə edərək diqqəti yayındırması və yekun başlığı əldə etməsi üçün idi. İran İsraildən sonra Yaxın Şərqin ikinci nüvə gücü olmağa yaxındır və bu bölgədə bütün daşları yerindən oynadacaq", Tçkarova deyib.
Bəs İranın nüvə silahına sahib olması hansı nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan və hərbi məsələlər üzrə ekspert Ramil Məmmədli Sputnik Azərbaycan-a danışıblar.
Siyasi şərhçi Sədrəddin Soltan deyir ki, İranın nüvə proqramı regionu narahat edən məsələlərdəndir: "Regionda belə bir silaha malik olduğunu hələ heç bir ölkə açıqlamayıb. Təkcə İsrailin belə bir silaha malik olması ehtimal edilir. İranın nüvə silahını əldə etməsi region ölkələri üçün təhdidedicilik və çəkindiricilik elementi kimi istifadə edilə bilər. Bu baxımdan İranın nüvə silahına sahib olması region üçün təhlükəlidir. Yaxın Şərq regionunda İranın dostu və müttəfiqi ola biləcək dövlət yoxdur. İran nüvə silahsız da bütün region üçün təhlükə mənbəyidir".
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan
Analitik hesab edir ki, İran nüvə silahını hazırlamaq prosesini şəffaf həyata keçirməyib: "İranın çirkli atom bombasına malik olmasına dair məlumatlar var. Bu bombanı nə vaxt əldə etməsi,İranın nüvə proqramının icrası ilə bağlı konkret məlumat yayılmır. İran hakimiyyəti bu sahədə şəffaf deyil. Əvvəldən əldə edilmiş razılığa əsasən İrana 20 faiz zənginləşdirilmiş uranı əldə etməyə icazə verilir. İran rəsmiləri açıq şəkildə nüvə silahı əldə etmək üzrə olduqlarını deyirlər. Bu o deməkdir ki, Tehran hakimiyyətində nüvə silahı əldə etmək üçün gərəkli səviyyədə zənginləşdirilmiş uran var. İran ən böhranlı şəraitdə bu silahı İsrailə qarşı tətbiq edə bilər".

Sədrəddin Soltan deyir ki, İranın belə bir silaha malik olması təsdiqlənərsə, bu ölkəyə qarşı beynəlxalq aksiya başlaya bilər: "İraq nümunəsində olduğu kimi beynəlxalq koalisiya İrana qarşı əməliyyata başlaya bilər. Ancaq hazırda bunun üçün onların əlində əsas yoxdur. İran da özünü nüvə silahına malik ölkə kimi təqdim etmir. İranın kütləvi qırğın silahına malik olması onun özü üçün baha başa gələ bilər".

Ekspert hesab edir ki, İranın yüksək exnologiyalara malik olması şübhəlidir: "Şimali Koreya İranı ballistik raketlərin texnologiyası ilə təmin edə bilər. Rusiya və Çin bu məsələdə adlarının hallanmasında maraqlı deyil. Çünki bu ölkə mülki aviasiya üçün lazımı hisələri idxal etməyə məcburdur. Bu baxımdan İranın malik olduğu iddia edilən yüksək texnologiyalarla bağlı şişirdilmələr var. İranın Qərbə qarşı müqavimət göstərməsi Şimali Koreya, Çin və Rusiya üçün də vacibdir".
Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, İranın nüvə proqramı ilə bağlı məsələ hər zaman fərqli məlumatlar səsləndirilir: "İran isə bu barədə məlumat verməkdə maraqlı deyil. Ölkələrin nüvə silahlanması yarışına girməsi yaxşı heç nə vəd etmir. İranın nüvə silahına malik olması regionumuz və dünyamız üçün təhlükəlidir. İran ideoloji bir dövlət quruluşuna malikdir. Yəni, fərz etsək ki, İran belə bir silaha sahibdir, bu halda onun ideologiyasına qarşı olan ölkəyə nüvə silahı tətbiq edilməsi ehtimalı yüksək olacaq".
Ramil Məmmədli
Ekspert deyir ki, bu hal Azərbaycan üçün də təhlükəli məqamdır: "Amma öz təhlükəsizliyini fundamental şəkildə təmin etmək baxımından İranın nüvə silahına malik olması üçün təşəbbüsləri başa düşüləndir. Ehtimal edirəm ki, İran nüvə silahı başlıqlarına malikdir və bunun sınaqları keçirilib. Onun təqdimatının gecikməsi isə yalnız İran hakimiyyətinin özünə bəllidir".