BAKI, 9 oktyabr — Sputnik. İsrailə qarşı başladılan əməliyyatın mesajı Fələstin xalqının hüquqlarına hörmət olunmayana qədər dünyada heç kimin təhlükəsiz ola bilməyəcəyidir. Bunu HƏMAS-ın Qəzza zolağındakı Siyasi Bürosunun üzvü Bassem Naim bildirib.
"Bu əməliyyatın mesajı əvvəldən bəlli idi. Fələstin xalqı azadlıq, ləyaqət, müstəqillik, özünüidarəetmə hüquqlarını almayana qədər nə regionda, nə də regiondan kənarda heç kim təhlükəsizlik, sabitlik və firavanlığa malik olmayacaq", - Naim deyib.
O əlavə edib ki, hücum planlaşdırma və məqsədlər baxımından sırf Fələstin üçündür.
7 oktyabr 2023-cü ildə İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan sonra Fələstinin HƏMAS hərəkatının döyüşçüləri sərhəd bölgələrinə daxil olaraq hərbçilərə və mülki şəxslərə atəş açıb, 200-dən çox insanı girov götürüb. Səlahiyyətlilərin məlumatına görə, təxminən 1,2 min nəfər ölüb.
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında mülki hədəflərə hücumları əhatə edən Dəmir Qılınclar əməliyyatına başlayıb. İsrail anklavı tam blokadaya aldığını elan edib: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 42 minə yaxın insan həlak olub, 97 mindən çox insan yaralanıb. Qəzza zolağı faktiki olaraq cənub və şimal hissələrə bölünüb və İsrail HƏMAS-ın son qalası sayılan Rəfahda quru əməliyyatı keçirir.
Rusiya Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıb. Moskvanın mövqeyinə görə, nizamlanma yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılması ilə BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi düstur əsasında mümkündür.