CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Boztəpə" kanalı yenidən qurulur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2022-ci ildə bərpasına başlanılan Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi artıq başa çatıb.
Sputnik
BAKI, 9 oktyabr — Sputnik. "Boztəpə" kanalı yenidən qurulur. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.
Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etməkdədir.
Tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də "Boztəpə kanalının yenidən qurulması"nın I mərhələsidir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2022-ci ildə bərpasına başlanılan Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi artıq başa çatıb.
Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir. Suvarma kanalı üzərində sudü¬şürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.
Mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9775 hektar torpaq sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırıb.
Hazırda 42,4 kilometr uzunluğu olan Boztəpə kanalında tikinti işləri başa çatıb, SCADA sistemlərinin inteqrasiyası üçün isə işlər davam edir.