BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan cari ildən "Məktəblər üçün PISA" tədqiqatına qoşulur. Bu barədə Sputnik Azərbaycan-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədqiqat 15 oktyabr - 7 noyabr 2024-cü il tarixlərində kompüterəsaslı keçiriləcək.
Sözügedən tədqiqat 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin onları real həyatda tətbiq etmək qabiliyyətlərinin müəyyənləşdirilməsi məqsədilə təşkil olunur.
PISA-dan fərqli olaraq, bu tədqiqatda ümumi təhsil müəssisələri fərdi qaydada qiymətləndirilir. Belə ki, əgər PISA ölkə üzrə təhsil səviyyəsini digər ölkələrlə müqayisə etməyə, təhsil siyasəti ilə bağlı qərarlar verməyə imkan verirsə, "Məktəblər üçün PISA" tədqiqatı ölkənin ayrı-ayrı ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətini digər ölkələrin təhsil müəssisələri ilə müqayisə etməyə, həmçinin müəssisənin özünün təhsilalanların nəticələri barədə məlumat əldə etməsinə, bununla bağlı tədbirlər görməsinə imkan yaradır.
Qeyd edək ki, ölkəmizdə sözügedən tədqiqat Təhsil İnstitutu tərəfindən təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.