İQTİSADİYYAT

Halal sertifikatı necə veriləcək? Rəsmi açıqlama

Qoşqar Təhməzli bildirib ki, halal sertifikatına qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. Halal sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.
Onun sözlərinə görə, müraciət prosesinin asanlaşdırılması məqsədilə müvafiq işlərə başlanılıb: "İnnovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr də formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarətdir".
Q.Təhməzli vurğulayıb ki, Qida Təhlükəsizliyi İnstitutunun "HALAL" uyğunluq sertifikatının beynəlxalq səviyyədə tanınması üçün İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) müəyyənləşdirilmiş beynəlxalq standarta uyğun olaraq, Türkiyənin Halal Akkreditasiya Qurumuna müraciət edib: "Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində müvafiq standart ("OIC/SMIIC-1:2019 HALAL qidaya dair ümumi tələblər") üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib".
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə bildirib ki, müsəlman ölkələrindən turist axını halal standartların tətbiqini zəruri edir.
"Müasir dövrdə dünyada halal standartları əsasında ərzaq məhsullarının istehsalına maraq və tələb artmaqdadır. Bu gün istehsalçı və ticarətçilər üçün qida məhsullarının təhlükəsizliyi və istehlakçılara sağlam ərzaq məhsullarının çatdırılması ən mühüm öhdəlikdir", deyə nazir bildirib.
Onun sözlərinə görə, bu baxımdan, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, eləcə də ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Nazir xüsusi qeyd edib ki, əhalinin artan qida ehtiyaclarının qarşılanması, ixrac olunan məhsulların çeşidinin və həcminin artırılması üçün aqrar və emal sənayelərində məhsuldarlığın, keyfiyyətin artırılması zəruri tələblərdən birinə çevrilib:
"Zəngin mədəni irsi və çoxəsrlik islam sivilizasiyası tarixinə sahib Azərbaycan regionda halal sənayenin daha da inkişafı üçün böyük potensiala malikdir. Ölkəmizin təmiz hava, münbit torpaq, saf su resurslarına malik olması ekoloji təmiz ərzaq məhsulları istehsalı sahəsində çox böyük imkanlar yaradır. Əlverişli coğrafi mövqeyə malik Azərbaycanda beynəlxalq mötəbər tədbirlərin keçirilməsi, nəhəng transmilli nəqliyyat layihələrinin icrası ölkəmizin turizm məkanı kimi cəlbediciliyini daha da artırır, turistlərin sayının artmasına səbəb olur. Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turist axını Azərbaycanda halal qida sektorunun inkişafını və halal turizm standartlarının tətbiqini zəruri edir. Bununla yanaşı, respublikamızda sahibkarlığın inkişafı və aqrar sahəyə geniş dövlət dəstəyi halal qida və turizm sektorunun inkişafına zəmin yaradır".
O, həmçinin qeyd edib ki, aqrar sahədə gəlirliliyin yüksəldilməsi, dayanıqlı satış kanallarının təmin edilməsi, məşğulluğun artırılması üçün digər dəstək tədbirləri ilə yanaşı, aqrar istehsal və emal sənayesini inkişaf etdirmək son dərəcə vacibdir. Halal standartları əsasında emal prosesinin təşkili dəyər zəncirini formalaşdırmaqla fermer və sahibkarların gəlirlərini artıracaq, kənd təsərrüfatı məhsullarına olan tələbatı yüksəldəcək, maliyyə bazarlarını canlandıracaq, ixrac potensialını daha da artıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.