SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan bir ay ərzində Azərbaycanla sülh sazişi imzalamağa ümid edir - Xaçaturyan

Ermənistan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan rəsmiləri ilə hələ də daha bir neçə maddə üzrə danışıqlar aparılır.
Sputnik
BAKI, 8 oktyabr — Sputnik. Ermənistan yaxın dörd həftə ərzində Azərbaycanla sülh sazişinin müddəalarını imzalamağa ümid edir. Bunu Reuters agentliyinə Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
Onun sözlərinə görə, İrəvan ümid edir ki, Azərbaycan noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 İqlim Dəyişikliyi Konfransına qədər 16 maddəni imzalayacaq.
"Əgər bu bizdən asılı olsaydı, biz bunu elə indi, bu gün imzalayardıq, amma ümid edirik ki, gec-tez bu nöqtəyə çatacağıq", - Xaçaturyan bildirib.
Ermənistan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan rəsmiləri ilə hələ də daha bir neçə maddə üzrə danışıqlar aparılır.
Ermənistan prezidenti həmçinin qeyd edib ki, Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə danışıqlar uğurla gedir və iki ölkə arasında sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması məsələsinə baxılır.
"Bu, əsl diplomatik münasibətlərin reallığa çevrildiyinə işarə olacaq", Xaçaturyan deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan sənədin razılaşdırılmış 80%-i əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Eyni zamanda, Bakı əvvəllər İrəvanın saziş layihəsinin razılaşdırılmış hissəsinin imzalanması təklifini rədd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.