BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur. Sputnik Azərbaycan xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır: "Bu, təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir. Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var".
Nazir bildirib ki, ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumu müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirib.
Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu öz işinə başlayıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2024) "Tərəfdaşlıqdan tərəqqiyə" konsept mesajı ilə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunub. Forumun açılış mərasimində qeyd olunub ki, əsas məqsəd dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin təşviqi, akademik təsisatların sənaye qurumları ilə fəaliyyətlərinin inteqrasiyası, insan kapitalının inkişafı tədbirin əsas mövzuları sırasındadır. Tədbir üç panel üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə baş tutacaq. Dövlət-universitet və sənaye arasında əməkdaşlıq modellərinə nümunə olaraq müştərək tədqiqat mərkəzlərinin yaradılması və fəaliyyəti, tədqiqatlar üzrə tərəfdaşlıq, texnologiyanın transferi, inkubator və innovasiya mərkəzləri, sənaye təcrübə proqramları müzakirə mövzuları arasındadır.
Məlumat üçün onu da bildirək ki, Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq "Təhsildən tərəqqiyə" konsept mesajı ilə 2023-cü il noyabrın 1-də 350-dən artıq nümayəndənin iştirakı ilə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.