BÖLGƏ

Zurabişviliyə qarşı impiçment proseduruna yenidən başlanıacaq - Papuaşvili

Papuaşvili əmindir ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə əsasən, "Gürcü arzusu" konstitusiya çoxluğunu qazanacaq.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Hakim "Gürcü Arzusu" partiyası Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna yenidən başlayacaq. Bunu parlamentin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib.
"Parlament çoxluğu impiçment prosedurunu bərpa etmək qərarına gəlib", - deyən Papuaşvili əlavə edib ki, parlamentarilər parlament seçkilərinə qədər konstitusiya məhkəməsinə müraciət edəcəklər.
Onun sözlərinə görə, hakim partiya bu qərarı Zurabişvilinin hökumət başçısının razılığı olmadan davam etdirdiyi xarici səfərlərinə görə verib. Papuaşvili qeyd edib ki, prezidentin səlahiyyət müddəti bu il başa çatsa da, Zurabişvilinin keçmiş prezident deyil, impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılan prezident olması vacibdir. Papuaşvili əmindir ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin nəticələrinə əsasən, "Gürcü arzusu" konstitusiya çoxluğunu qazanacaq və yeni seçilmiş parlamentin elə ilk iclasında prezidentin impiçmenti proseduru başa çatacaq.
Gürcüstan prezidentinin hökumətlə razılaşdırılmayan xarici səfərləri əvvəllər Zurabişvili ilə hakim partiya arasında münaqişəyə səbəb olub. "Gürcü arzusu" prezidentə qarşı impiçment tələbi ilə konstitusiya məhkəməsində iddia qaldırıb. Keçən il məhkəmə onun qanunu pozduğunu müəyyən edib, lakin parlamentdə səslərin olmaması səbəbindən impiçment prosesi başa çatdırıla bilməyib. Zurabişvili həmçinin "Gürcü arzusu"nun qəbul etdiyi xarici agentlər haqqında qalmaqallı qanuna qarşı konstitusiya məhkəməsində iddia qaldırıb. Konstitusiya məhkəməsinin qərarına baxmayaraq, Zurabişvili hökumət başçısının razılığı olmadan xaricə səfərlərini davam etdirir.