BAKI, 7 oktyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Moskvaya gedəcək. Bu barədə Ermənistan XİN məlumat yayıb.
Səfər çərçivəsində Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı gözlənilir.
XİN başçılarının görüşü MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində baş tutacaq.
Xatırladaq ki, 6 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.