İQTİSADİYYAT

MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib - FOTO

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib. İclasda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistanın vergi orqanlarının rəhbərləri iştirak ediblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.
Dövlət Vergi Xidmətindən bildiriblər ki, "Ödənişin şəffaflığının artırılması və ƏDV-nin qaytarılması prosedurunun sadələşdirilməsi məqsədilə ƏDV-nin inzibatçılığı üzrə rəqəmsal həllərin tətbiqi" mövzusunda keçirilən tədbirdə Qırğızıstan Respublikasının Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov salamlama nitqi ilə çıxış edib. Daha sonra Qırğızıstan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbəri Altınbek Abduvapov və MDB-nin İcraiyyə Komitəsinin Baş katibinin müavini Denis Trefilov iclas iştirakçılarını salamlayıblar.
MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası
Tədbirdə nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. Azərbaycan nümayəndə heyətinin rəhbəri, DVX rəisi Orxan Nəzərli bildirib ki, MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası vergi orqanlarının işinin səmərəli təşkili, qlobal çağırışların həllində rolunun müəyyən edilməsi və beynəlxalq tərəfdaşlarla birgə fəaliyyətin təşviqi üçün mühüm platformadır. DVX rəisi Azərbaycanda beynəlxalq biznes mühitində baş verən proseslərin yaxından izlənildiyini və qabaqcıl təcrübələrin uğurla tətbiq edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir və bunu şərtləndirən əsas səbəblərdən biri rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. Orxan Nəzərli vurğulayıb ki, rəqəmsal transformasiyanın fəal iştirakçısı olaraq ölkəmizin vergi sistemi bu sahədə müxtəlif layihələr həyata keçirir və təcrübə mübadiləsinə töhfələr verməyə hazırdır.
MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası
Daha sonra DVX-nin İqtisadi təhlil və proqnozların icrasına nəzarət baş idarəsinin şöbə rəisi Telman Məmmədov "Ödənişlərin şəffaflığının təmin edilməsi və ƏDV-nin geri qaytarılmasını asanlaşdırmaq üçün rəqəmsal həllərin tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Ölkəmizdə ƏDV-nin səmərəli tətbiqi mexanizmlərinin iş prinsipləri, həyata keçirilən müasir tənzimləmələr, ƏDV-nin geri qaytarılması layihəsi, ƏDV depozit hesabı və bu sahədə istifadə edilən stimullaşdırıcı alətlər barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçıları informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübələri müzakirə ediblər. Tədbir çərçivəsində 2024-2025-ci illər üçün MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının İş Planının layihəsi təsdiq olunub.