BAKI, 7 oktyabr — Sputnik. Kuba hakimiyyəti BRİKS-də tərəfdaş statusu almaq üçün rəsmi müraciət göndərib.
Bunu Rusiyanın Havanadakı səfiri Viktor Koronelli bildirib.
Bu barədə TASS məlumat yayıb.
Diplomatın sözlərinə görə, Kuba assosiasiyanın işinə qoşulmağa böyük maraq göstərir və onunla daha da sıx əməkdaşlığa ümid edir.
"Üstəlik, Rusiya bu il BRİKS-ə sədrlik etdiyi üçün onlar artıq tərəfdaş statusundan ötrü Rusiya tərəfinə rəsmi ərizə təqdim ediblər" - Koronelli vurğulayıb.
O əlavə edib ki, Kuba Prezidenti Migel Dias-Kanel artıq oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS plus formatında geniş tərkibdə görüşə dəvət alıb.
Bundan əvvəl məlum olub ki, BMT-nin baş katibi Antonio Quterreş BRİKS-in Kazanda keçiriləcək sammitində iştirak edəcək. BMT gözləyir ki, sammit zamanı "2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyinin məqsədlərinin yerinə yetirilməsini təmin etmək üçün mühüm razılaşmalar əldə etmək və lazımi təkan vermək mümkün olacaq".