BAKI, 5 oktyabr - Sputnik. Sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviasiya zərbəsi nəticəsində ölən “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib.
Bu barədə “Sky News Arabia” məlumat yayıb. Bildirilib ki, bu qərar dəfn mərasiminin İsrail hava hücumunun hədəfinə çevrilə biləcəyi təhlükəsi səbəbindən verilib.
“Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yarananadək müvəqqəti olaraq gizli şəkildə və gizli yerdə dəfn edilib” - məlumatlarda qeyd olunub.
Xatırladaq ki, 27 sentyabr 2024-cü ildə Hizbullahın baş katibi Həsən Nəsrullah Beyrutda İsrailin hava hücumu nəticəsində öldürülüb.
Livanın şiə məzhəbli islamçı Hizbullah qruplaşmasının lideri Şeyx Həsən Nəsrullah Yaxın Şərqin ən məşhur və nüfuzlu simalarından biri idi.
İsrail tərəfindən öldürüləcəyindən qorxduğu üçün o, uzun illərdir ki, ictimai məkanlarda görünmürdü.
İsrail ordusu sentyabrın 28-də Beyruta endirdiyi raket zərbələrlə Nəsrullahı öldürdüyünü açıqlayıb. Hizbullah bu xəbəri bir neçə saat sonra təsdiqləyib.
Həsən Nəsrullah bir çox cəhətdən sirli fiqur hesab edilirdi. Onun İran rəsmiləriylə şəxsi əlaqələri vardı, Hizbullahın ciddi siyasi və hərbi gücə çevrilməsi onun xidmətidir.
İranın ali dini lideri Ayətullah Əli Xamneyi İsrailin hücumundan əvvəl “Hizbullah” lideri Həsən Nəsrullaha Livanı tərk etməsi barədə xəbərdarlıq edib.
Xamneyinin İsrailin hücumundan bir neçə gün əvvəl “Hizbullah” lideri Həsən Nəsrullaha xəbərdarlıq etdiyi üzə çıxıb.
Üç İran mənbəsi bildirib ki, Xamneyi həmçinin İsrailin Tehranda hökumətin yüksək pillələrinə sızmasından da narahatdır.
Yüksək rütbəli İran rəsmisi sentyabrın 17-də “Hizbullah”ın hücumundan sonra Xamneyinin Nəsrullaha İrana qaçmaq üçün təcili mesaj göndərdiyini açıqlayıb.
Mesajda İsrailin “Hizbullah” daxilində agentlərinin olduğu və İsrailin Nəsrullahı öldürməyi planlaşdırdığı bildirilir.