İQTİSADİYYAT

Komitə sədri: Ölkə ərazisində 500 mindən çox qeydiyyatsız, sənədsiz ev, tikinti var

Parlamentin Aqrar siyasət komitəsinin sədri dövlət başçısının təsdiq etdiyi "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nı Sputnik Azərbaycan-a şərh edib.
Sputnik
BAKI, 5 oktyabr — Sputnik. Azərbaycanda "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Bu Qaydalar torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi mexanizmini müəyyən edir. Bu Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
"Əhali artır, yeni yaşayış məntəqələri salınır..."
Sənədi Sputnik Azərbaycan-a şərh edən Parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, torpaqların təyinatının dəyişdirilməsi müəyyən zərurətdən irəli gəlir və bu, dövrün tələbidir: "Çünki əhali artır, yeni yaşayış məntəqələri salınır, yeni infrastruktur layihələri və proqramlar həyata keçirilir. Belə olan halda müəyyən qaydada torpaqların kateqoriyaları dəyişdirilə bilər".
"Qaydaların təsdiqi insanların rahatlığının təmin edilməsi məqsədi daşıyır"
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nı təsdiq etməsi bilavasitə insanların rahatlığının təmin edilməsi məqsədi daşıyır: "Bu, sistemli xarakter daşımalı, qanunvericiliyin tələblərinə əsaslanmalıdır. Bunun tətbiq edilməsi bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına və onların rahatlığının təmin edilməsinə yönəldilməlidir. Bu gün ölkədə çox mühüm layihələr, proqramlar həyata keçirilir, alternativ enerji mənbələri axtarılır, kənd təsərrüfatında yeni emal müəssisələri istifadəyə verilir. Yeni yaşıllıqların salınması, meşə zolaqlarının artırılması, tədqiqatların aparılması üçün infrastrukturların yaradılması, yeni yaşayış məntəqələrinin salınması, müəyyən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ləğv edilməsi, tarixi və mədəni qoruqların, sağlamlıq mərkəzlərinin yaradılması, eləcə də digər məsələlərin həlli torpaqların bir kateqoriyadan digərinə keçirilməsini zəruri edir".
"Bu Qaydaların təsdiqi evlərin sənədləşdirilməsi baxımından çox əhəmiyyətlidir"
O diqqətə çatdırıb ki, digər tərəfdən, insanları narahat edən bir məsələ bu gün gündəmdədir: "Belə ki, ölkə ərazisində 500 mindən artıq qeydiyyatsız, sənədsiz ev, tikinti mövcuddur. Bu tikintilər müəyyən şirkətlərin istifadəsində olan, kənd təsərrüfatına yararlı və digər təyinatlar üçün nəzərdə tutulan torpaqlarda aparılıb. Ancaq onlar müvafiq hüquqi sənədlər əldə edə bilmirlər. "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanı hökumətə torpaqların kateqoriyasını dəyişdirməyə imkan yaradacaq. Bu da həmin insanların rahatlığı üçün evlərinin sənədləşdirilməsi baxımından çox əhəmiyyətlidir".
"Bu addım dövrün tələbindən irəli gəlir və yeni, çox mühüm infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlıdır"
"Görülən işlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunun tələblərinə uyğun aparılmalıdır. Son illər qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən torpaq sahələri bir kateqoriyadan digər kateqoriyaya keçirilib. Bu addım dövrün tələbindən irəli gəlir və yeni, çox mühüm infrastruktur layihələrin həyata keçirilməsi ilə əlaqədardır. Torpaq ehtiyatlarından və bu kateqoriyaların dəyişdirilməsindən həm insanlar, həm də dövlət faydalanmalıdır. Ona görə də dövlət başçısının imzaladığı bu sənəd çox mühüm əhəmiyyət daşıyır və insanlar tərəfindən yüksək qiymətləndirilir" - komitə sədri əlavə edib.
Qeyd edək ki, Qaydalara əsasən, torpaq sahəsinin kateqoriyasına və məqsədli təyinatına dair məlumatlar dövlət torpaq kadastrına daxil edilir və daşınmaz əmlakın dövlət reyestrinə, torpaqların elektron kadastr uçotu informasiya sisteminə, "Elektron kənd təsərrüfatı" informasiya sisteminə, habelə rəqəmsal və kağız üzərində kadastr xəritələrinə, ərazi planlaşdırılması sənədlərinə daxil edilməsi üçün aidiyyəti üzrə təqdim olunur.
Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə Torpaq Məcəlləsinə, Şəhərsalma və Tikinti Məcəlləsinə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq bu Qaydaların tələbləri nəzərə alınmaqla yol verilir. Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur.
Torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) mənfi rəyi buna əsas olan iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Hansı torpaq kateqoriyaları var?
Xatırladaq ki, Torpaq Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür:
-kənd təsərrüfatı təyinatlı torpaqlar;
-yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
-sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
-xüsusi qorunan ərazilərin torpaqları;
-meşə fondu torpaqları;
-su fondu torpaqları;
-ehtiyat fondu torpaqları.
Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin qaydaları, şərtləri və həddidir.
Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.