BAKI, 4 oktyabr — Sputnik. NATO "sülhməramlı" adı altında öz kontingentini Cənubi Qafqaza yeritməyə çalışır.
Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Astanada MDB Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının 55-ci iclasında bildirib.
Onun sözlərinə görə, Qərb Ermənistanın KTMT-dən çıxmasına can atır ki, bu da Bakı ilə gələcək münasibətlərdə İrəvanı NATO-dan daha da asılı vəziyyətə salacaq.
"Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla, Ermənistan-Azərbaycan nizamlanmasına başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün "sülhməramlı" kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. Cənubi Qafqazda NATO blokunun möhkəmlənməsi təbii ki, regionda sabitliyə kömək etməyəcək", Rusiya FTX rəhbəri qeyd edib.