TƏHSİL

İkinci ali təhsilə ehtiyac yaranıb: Rəssamlığı kompüter mühəndisliyinə dəyişənlər var

Nazirlikdən bildirilib ki, hər hansı təhsil müəssisəsində təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili həmin təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla bilər.
Sputnik
BAKI, 4 oktyabr — Sputnik. 2024-2025-ci tədris ili üzrə ikinci təhsil üçün ümumilikdə 8392 müraciət qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavabda Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu il sosial şəbəkələrdə təkrar ali təshillə bağlı paylaşımlara daha çox rast gəlinir. Dövlət qurumlarında çalışan, ictimai fəal insanlar arasında təkrar ali təhsil almağa maraq hiss olunur. Ən maraqlı məqam isə təkrar ali təhsil almaq üçün müraciət edib müsbət cavab alanların ixtisaslarında əlaqənin kəskin fərqlənməsidir. Elə gənclər arasında da təkrar ali təhsilə maraq artıb.
Bəs görəsən bunun səbəbi nədir?
"Bakı Rəssamlıq Akademiyasının məzunu olsam da, ikinci ali təhsilimi tamamilə fərqli ixtisas üzrə almaq istədim. Odur ki, ikinci ali təhsil üçün müraciət etdim. İkinci ali təhsil almağıma səbəb, öz ixtisasım üzrə ürəyimcə iş tapa bilməməyimdir. Hazırda əmək bazarında əsasən informasiya texnologiyaları üzrə vakansiyalar olduğundan, ikinci təhsilimi kompyuter sahəsi üzrə almağa qərar verdim".
Bu sözləri Sputnik Azərbaycan-a bu il təkrar ali təhsil üçün müraciət edib müsbət cavab alan tələbə Bəyaz Şahquliyeva söyləyib. O, bildirib ki, gəncləri ikinci ali təhsil almağa vadar edən səbəblərdən biri əmək bazarında tələblərin dəyişməsidir. Həmsöhbətimiz deyir ki, hazırda ali təhsil almaq əsas şərt deyil. Əsas şərt əmək bazarında ehtiyac olan sahələr üzrə təhsil almaqdır.
Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavabda bildirilib ki, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili üzrə qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası" ilə tənzimlənir (https://e-qanun.az/framework/20045).
"Hər hansı təhsil müəssisəsində təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili həmin təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə aparıla bilər. Bu zaman ixtisas uyğunluğu nəzərə alınmır" - nazirlikdən bildirilib.
Qeyd edək ki, "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"na görə, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsilinin məzmunu əlavə təhsil müəssisəsi tərəfindən təsdiq edilmiş tədris planları və proqramları əsasında müəyyənləşdirilir. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili müvafiq ixtisas üzrə bakalavr (subbakalavr) pilləsi üçün mövcud olan təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı təhsil proqramı ilə yeni ixtisasın təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır. Təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili əyani, qiyabi və distant (məsafədən) formalarda həyata keçirilə bilər.
İkinci təhsil istəyi əmək bazarında iş tapmaq zərurətindən doğur
Təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, iyirmi il öncə də ikinci ali təhsilə maraq olub. Amma buna əsasən məmurlar arasında daha çox rast gəlinirdi:
"Əvvəllər hüquqşunas ixtisası üzrə ikinci ali təhsilə daha çox maraq var idi. Bir də görürdün ki, 48 yaşında məmur təkrar ali təhsil alır. Bu təhsilə olan maraqdan irəli gəlmirdi. Burada məqsəd təhsil aldığı sahə üzrə bilik almaq yox, diplom alaraq bu diplomdan karyerada irəliləyiş üçün istifadə etmək idi. Amma son illər biz təkrar ali təhsilə fərqli baxış müşahidə edirik. Artıq fərqli ixtisaslara meyl var. Məsələn, kompüter mühəndisliyi sahəsində təhsilə maraq artıb. Bu ixtisas üzrə təkrar ali təhsilə müraciət edənlər məmur olmaq istəyənlər yox, özünə əmək bazarında iş tapmaq istəyənlərdir. İnsan ömür boyu təhsilə ehtiyac duyur. Əmək bazarında artıq elə tələblər formalaşıb ki, insan bir diplomla ömür boyu işləyə bilmir. Ona görə də təkrar ali təhsil günün tələbinə çevrilib".
Həmsöhbətimiz bildirib ki, bəzən gənclər valideynlərinin təkidi ilə istəmədikləri ixtisası seçirlər. İkinci təhsillərini isə öz istəklərinə uyğun almalı olurlar. Bəzən ixtisaslar kəskin fərqlənsə də, insanlar sevdiyi işdə çalışmalıdırlar:
"İnsanlar hansı ixtisasa sahib olmasından asılı olmayaraq təkrar ali təhsil alırsa, bu alqışlanmalıdır. Yetər ki, onlar özlərinə uyğun əmək bazarında iş tapa bilsinlər".
Əmək bazarında süni sıxlıq yaratmaq olmaz
Təhsil üzrə ekspert Kamran Əsədov da Sputnik Azərbaycan-a son illər Azərbaycanda ikinci ali təhsilə marağın artdığını təsdiqləyib. Qeyd edib ki, həm gənclər, həm də artıq iş həyatı quran insanlar arasında müxtəlif sahələrdə əlavə bilik və bacarıqlar əldə etmək istəyənlərin sayı çoxalıb. Lakin seçilən ixtisaslar arasında əlaqə çox vaxt nəzərə alınmır:
"Məsələn, Rəssamlıq Akademiyasının məzunu ikinci ali təhsil kimi kompüter mühəndisliyi üzrə ixtisaslaşır. Bu tip ixtisaslararası uyğunsuzluq bir sıra problemlərin yaranmasına, ümumi təhsil sisteminə təsir göstərə bilir. İxtisaslararası uyğunsuzluğun əsas problemlərindən biri peşəkar uyğunlaşma və karyera inkişafı ilə bağlıdır. Hər ixtisas müəyyən sahə üzrə dərin və kompleks bilikləri tələb edir. Məsələn, rəssamlıq və ya incəsənət sahəsində ixtisaslaşmış bir şəxs müəyyən nəzəri və praktiki biliklərə malikdir. Onun bu sahədəki bacarıqları yaradıcı proseslərə, estetik yanaşmalara və incəsənət təhlillərinə yönəlib. Digər tərəfdən, kompüter mühəndisliyi texniki və analitik yanaşmalar tələb edən, ciddi proqramlaşdırma, riyaziyyat və texnoloji biliklər üzərində qurulmuş bir sahədir. İxtisasların tamamilə fərqli tələbləri olduğundan, bu iki fərqli sahədə biliklərin tam şəkildə mənimsənilməsi və praktik sahədə uğurlu tətbiqi çətin olar. Bu, nəticədə, iş həyatında peşəkar böhran və ya uyğunlaşma çətinlikləri yarada bilər".
Ekspertin fikrincə, ikinci ali təhsildə ixtisasların fərqliliyi, həmçinin tədris prosesinin səmərəliliyinə də mənfi təsir göstərə bilər:
"Fərqli ixtisaslar üzrə oxuyan tələbələr əvvəlki təhsilləri zamanı müəyyən bilik bazası yaradırlar ki, bu da yeni öyrənilən mövzuların mənimsənilməsi üçün vacibdir. Lakin tamamilə fərqli sahələr üzrə ixtisaslaşmağa qərar verildikdə, tələbələr həmin sahədə əvvəlki təcrübələrinə əsaslana bilmirlər. Məsələn, rəssamlıq üzrə təhsil almış bir şəxs kompyuter mühəndisliyində proqramlaşdırma və ya alqoritmləri öyrənməyə başlasa, o, riyazi biliklərə və analitik düşüncəyə malik olmadığı üçün həmin sahədə çətinliklərlə üzləşə bilər".
Əsədovun fikrincə, tələbələr özlərinə lazım olan təməl bilikləri öyrənməyə çox vaxt sərf etməli olurlar ki, bu da tədris prosesini uzadır və resursların düzgün istifadə edilməməsinə gətirib çıxarır. Bundan əlavə, ixtisaslararası uyğunsuzluq, cəmiyyət və iş bazarına da mənfi təsir göstərir:
"İş bazarında müəyyən sahələr üzrə peşəkar mütəxəssislərə ehtiyac var. Bu ehtiyaclara uyğun kadrların yetişdirilməsi üçün təhsil sisteminin tələb olunan ixtisaslara yönəldilməsi vacibdir. Lakin insanlar ikinci ali təhsili tamam fərqli sahələr üzrə aldıqda, iş bazarında uyğun ixtisaslaşmış kadr çatışmazlığı yaranır. Məsələn, Azərbaycanda texniki sahələrdə işçilərə böyük tələbat olduğu bir vaxtda, əlavə təhsili texniki sahələrə uyğun olmayan şəxslər tərəfindən alındıqda, həmin şəxslərin iş bazarına inteqrasiyası və praktiki tətbiqi çətin olur. Bu da ölkədə ixtisaslaşmış kadrların çatışmazlığı, səmərəsiz işə qəbul prosesləri və iş yerində peşəkar inkişafın zəif olması kimi problemlərə səbəb olur".
Ekspert qeyd edib ki, ixtisaslararası uyğunsuzluğun digər mənfi təsiri resursların qeyri-səmərəli istifadəsidir. İkinci ali təhsil dövlət və özəl sektor üçün həm maddi, həm də zaman baxımından ciddi resurslar tələb edir. Tələbələrin ikinci təhsilini tam fərqli sahədə almaları həmin resursların səmərəsiz istifadə edilməsinə səbəb ola bilər:
"Məsələn, texniki sahələrdə ciddi kadr çatışmazlığı olduğu bir vaxtda, incəsənət və ya humanitar sahələrdən gələn tələbələr, həmin sahələrdə özlərini realizə etməkdə çətinlik çəkə bilərlər. Dövlətin və ya təhsil müəssisələrinin bu resursları səmərəli istifadə etməsi üçün tələbələrin sahələrarası əlaqə və uyğunluğa daha çox diqqət etmələri tövsiyə olunmalıdır".
Bununla belə, Əsədov hesab edir ki, ixtisaslararası əlaqənin olmaması hər zaman mənfi qəbul edilməməlidir. Müasir dövrdə interdisiplinar (fənlərarası) yanaşmalar təhsil və elmdə önəmli rol oynayır. Bir çox sahələrdə bir ixtisas üzrə bilik və bacarıqları digər ixtisasla birləşdirmək yeni innovativ həllər yarada bilər. Məsələn, komüter mühəndisliyi ilə rəssamlıq kimi fərqli sahələrin birləşməsi qrafik dizayn, rəqəmsal incəsənət və oyun texnologiyaları kimi yeni yaradıcı sahələrdə uğurlu nəticələr verə bilər. Bu baxımdan, ikinci ali təhsilin tamam fərqli sahələr üzrə alınması bəzi hallarda yeni imkanlar yarada və iş bazarında unikal mövqelərin ortaya çıxmasına səbəb olur. Lakin bu interdisiplinar yanaşmanın uğurlu olması üçün ixtisasların bir-birinə müəyyən qədər yaxın və əlaqəli olması vacibdir.
Nəticə olaraq, Azərbaycanda ikinci ali təhsilə olan maraq artdıqca, ixtisaslararası uyğunsuzluğun yaratdığı problemlər də diqqət mərkəzində olmalıdır. Peşəkar uyğunlaşma, tədris prosesinin səmərəliliyi və iş bazarına inteqrasiya kimi aspektlər bu məsələdə əsas rol oynayır. Bununla belə, müasir dövrün tələblərinə cavab verən interdisiplinar yanaşmalar da nəzərə alınmalı və tələbələrə bu istiqamətdə düzgün istiqamət verilməlidir. Əsas məqsəd, ikinci təhsilin yalnız formal olaraq alınmaması, bilik və bacarıqların praktik şəkildə tətbiq olunaraq ölkənin iş bazarına və iqtisadi inkişafına töhfə verməsi olmalıdır. Bu istiqamətdə ixtisas seçimi və təhsil müəssisələrinin tələbələrə düzgün istiqamət verməsi böyük əhəmiyyət daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.