BAKI, 3 oktyabr - Sputnik. Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin oktyabrın 2-3-də Bakıda səfərdə olub.
Bu barədə Rusiya SVR məlumat yayıb.
Bildirilib ki, Narışkin Bakıda bir sıra görüşlər keçirib.
Görüşlərdə beynəlxalq vəziyyət, iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub.
Bakıda Sergey Narışkinin Prezident İlham Əliyevlə də görüşdüyü, burada beynəlxalq gündəmin müzakirə edildiyi bildirilir.
Sergey Narışkin Bakıda səfərdə olarkən bildirib ki, Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları ABŞ-nin rusiyalı diplomata qarşı təxribatının qarşısını alıblar.
Onun sözlərinə görə, Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları birlikdə bu yaxınlarda amerikalıların Rusiyadan olan diplomata qarşı “təxribat təhdidinin” qarşısını alıb.
SVR rəhbəri hadisənin təfərrüatlarını açıqlamayıb.
Narışkin həmçinin qeyd edib ki, ABŞ qarşıdan gələn parlament seçkilərindən istifadə edərək Gürcüstanın daxili işlərinə qarışmaq üçün kobud və həyasız cəhdlər edir.
Onun sözlərinə görə, Qərb ölkələri bloku heç cür sakitləşmir, Cənubi Qafqaz ölkələrində vəziyyəti sarsıtmağa çalışır.
"Xüsusilə, SVR-a məlumat daxil olub ki, ABŞ Dövlət Departamentinin tələbi ilə ATƏT/DTİHB artıq əvvəlcədən aralıq hesabat hazırlayıb və orada Gürcüstanda guya ədalətli və açıq seçkilər üçün heç bir şəraitin olmadığı tezisi yer alıb, hansı ki, bu, həqiqətə uyğun deyil", - SVR rəhbəri qeyd edib.
Narışkin vurğulayıb ki, Dövlət Departamentinin və ATƏT-in monitorinq strukturunun bu hərəkətinin məqsədi Gürcüstanın daxili işlərinə kifayət qədər kobud və həyasız müdaxilə cəhdidir.
“Qərb sağlam, milli yönümlü qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almağa çalışacaq. Lakin mən əminəm ki, Gürcüstan xalqı düzgün və dəqiq seçim edəcək”, - Narışkin əlavə edib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.