BAKI, 3 oktyabr — Sputnik. Paytaxtın Yasamal rayonunun İsmayıl Talıblı 26 ünvanında ağacları və evləri qurd basıb. Bu barədə Sputnik Azərbaycan-a sakinlər məlumat verib. Onlar bildiriblər ki, qurdlar ağacların yarpaqlarını yedikdən sonra evlərə daraşıb. Sakin Nişat Mehdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurd artıq zivəyə asdıqları paltarlara, eyvana çıxır. O, həyətdə notariat kontoru, polikilinikaya da qurdların daraşdığını söyləyib.
Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Sputnik Azərbaycan-a bildirilib ki, sakinlərin qurd adlandırdığı, ağaclar üçün ziyanlı olan Amerika kəpənəyidir. Qurumdan artıq ərazidə dərmanlama işinin aparıldığını söyləyiblər.
Yasamal İsmayıl Talıblı 26 ünvanında həyətləri evləri qurd basıb
© Sputnik / Zulfiyya Guluyeva
Abşeron Rayonu, Masazır kəndi Molla Pənah Vaqif küçəsində də amerika kəpənəyi ağacların yarpaqlarını məhv edib. Sakin Təzəgül Quliyeva Sputnik Azərbaycan-a bildirib ki, qurd həyətdə tut ağaclarının yarpaqlarını yeyib.
Sputnik Azərbaycan paytaxtı və Abşeronu cənginə alan həşaratla bağlı araşdırma aparıb.
ARETN Zoologiya İnstitutunun, Tətbiqi Zoologiya Mərkəzini aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə Nuriyeva Sputnik Azərbaycan-a bildirib ki, sakinlərin qurd adlandırdıqları əslində Amerika ağ kəpənəyi həşaratıdır.
Yasamal İsmayıl Talıblı 26 ünvanında həyətləri evləri qurd basıb
© Sputnik / Zulfiyya Guluyeva
Onun sözlərinə görə, Amerika ağ kəpənəyi – Hyphantria cunea meyvə bağlarının, dekorativ ağacların və meşələrin qorxulu zərərvericisidir. Zərərvericinin kəpənəyi ağ rəngdədir. Bitkilərin 250-dən artıq növünü zədələyərək ziyan vurur. Bu bitkilər arasında zərərvericinin ən əlverişli qidası tut, alma, armud, heyva, gavalı, gilas, qarağac, yunan qozu, palıd, üzüm və s. bitkilərin yarpaqlarıdır. Amerika ağ kəpənəyi bir sıra xüsusiyyətlərinə- sürətlə yayılmasına, çox və müxtəlif növlü bitkilərlə qidalanmasına, düşdüyü iqlim şəraitinə tez uyğunlaşmasına, yüksək məhsuldarlığına, (yəni yumurtaqoyma qabiliyyətinin yüksək olması), gizli həyat tərzi keçirməsinə, ildə 2 nəsil verməsinə və tırtıllarının çox yeyimcil olmasına görə fərqlənir və ən təhlükəli karantin zərərvericiləri sırasına daxil edilir.
Yasamal İsmayıl Talıblı 26 ünvanında həyətləri evləri qurd basıb
© Sputnik / Zulfiyya Guluyeva
"Zərərvericinin vətəni Şimali Amerikadır. ABŞ-da , Kanadada, Meksikada yaşayır. 40-cı illərin əvvəllərində Macarıstana düşmüşdür, oradan da demək olar ki, bütün Avropaya yayılmışdır. Asiyada, Koreya yarımadasında, Yaponiyada və Çində əllinci illərin əvvəlindən qeydə alınıb. Hal-hazırda respublikanın şimal bölgələrində, Xaçmaz, Quba, Dəvəçi, Siyəzən rayonlarında,və cənub bölğələrimizdə Astara, Lənkəranda və Abşeron yarımadasında, həmçinin Bakı şəhərinin park və bağlarında geniş yayılmışdır. Son illər isə Bərdə rayonunda yayılma ocaqları müşahidə edilib", deyə müsahibimiz bildirib.
Yasamal İsmayıl Talıblı 26 ünvanında həyətləri evləri qurd basıb
© Sputnik / Zulfiyya Guluyeva
O, qeyd edib ki, zərərvericinin kəpənəyi ağ rəngdədir. Amerika ağ kəpənəyi may ayının əvvəllərində, iyul aylarında uçur, 2 nəsil verir. Birinci nəsil kəpənəklərin kütləvi uçuşu isə iyun ayının ikinci yarısına təsadüf edir. Uçuş 15-25 gün davam edir. Kəpənəklər 10-14 gün yaşayır:
"Onlar axşama yaxın uçurlar, gündüzlər yarpaqların alt və üst tərəflərinə topa halında yumurta qoyurlar. Yumurtadan çıxan tırtıllar əvvəlcə ağacın iki yarpağını tor ilə sarıyıb, orada qidalanırlar, yarpaqlar yeyildikcə yeni yarpaqları və nəhayətdə tədricən budaqları da torla sarıyıb, qidalanırlar və hətta ağacların qurumasına səbəb olurlar. Tırtıllar böyüdükdən sonra tor yuvaları tərk edib, ağaca yayılırlar, puplaşmaq üşün gizli yerlərdə, ağacların koğuşları,qabıqlarının altı, yaxınlıqda olan hasarların , digər tikililərin çatları, odun tayaları və s. puplaşırlar. Havanın temperaturundan asılı olaraq tırtılların inkişafı 30-40 gündə başa çatır. İyul ayının ikinci yarısında ikinci nəslin kəpənəkləri görünməyə başlayır. İkinci nəsilin tırtılları bitkilərə daha çox zərər verir. Qidalanmalarını başa şatdıran tırtıllar puplaşıb, qışı qizli yerlərdə pup mərhələsində keşirirlər".
Mütəxəssisin sözlərinə görə, havaların əlverişli keçməsi ilə əlaqədar bu il amerika ağ kəpənəyinin kütləvi çoxalması baş verib: "Həşəratlarda belə çoxalmalar bir neçə ildən bir dövrü olaraq baş verir və bu il də pik həddindədir".
Yasamal İsmayıl Talıblı 26 ünvanında həyətləri evləri qurd basıb
© Sputnik / Zulfiyya Guluyeva
İ.Nuriyeva onu da əlavə edib ki, bəzi insanlarda təmas zamanı tükcüklü tırtıllar allergiyaya səbəb olur.
Bu zərərverici həşarata qarşı mübarizə tədbirlərinə gəlincə, İ.Nuriyeva söyləyib ki, ən vacib məsələlərdən biri karantin tədbirlərinə ciddi əməl olunmasıdır. Əks təqdirdə o yaxın gələcəkdə respublikanın digər bölgələrinə də yayılar və kütləvi surətdə artar:
Yasamal İsmayıl Talıblı 26 ünvanında həyətləri evləri qurd basıb
© Sputnik / Zulfiyya Guluyeva
"Mexaniki mübarizə tədbirləri kimi aprel ayından başlayaraq Amerika ağ kəpənəyinin tor yuvaları, yarpaqlar üzərinə qoyulmuş yumurtaları, müxtəlif sığınacaqlarda olan pupları toplanıb yandırılmalıdır. Mexaniki mübarizə üsulu kimi karton və ya cod kisə(çuval) parçalarının ağacların gövdələrinə sarınmasıdır, belə ki, puplaşmaya gedən tırtıllar bu parçaların arasında puplaşırlar və onları asanlıqla toplayıb məhv etmək olur. Mübarizə tədbirləri il boyu aparılmalıdır. Bu tədbirlər vaxtında və düzgün həyata keçirilərsə, zərərvericinin sayı və sonrakı qış ehtiyatının miqdarı kəskin surətdə azalar və kəpənək kütləvi çoxalmaq imkanından məhrum olar. Tətbiqə ehtiyac olan sahələrdə kimyəvi mübarizə tədbiri kimi zərərvericinin yumurta və təzə çıxmış tırtıllarına qarşı 1-ci nəsil üçün mayın II yarısı, iyunun I yarısı, 2-ci nəslə qarşı isə iyulun II yarısı, avqustun I yarısı müvafiq dövrlərdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.