CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heyvanlarla rəhmsiz rəftar edənlərlə bağlı yeni məsuliyyət müəyyən olunur

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında "Heyvanlar aləmi haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Heyvanlarla rəhmsiz rəftar edənlərlə bağlı yeni məsuliyyət müəyyən olunur.
Bu, barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan "Heyvanlar aləmi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə qeyd olunur ki, heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən, mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin mövcud 274-cü maddəsi "Heyvanlarla rəhmsiz rəftar edilməsi" adlanır. Həmin maddəyə əsasən, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə edilir.