CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 1,5 milyondan çox partlamamış mina və döyüş sursatı var

Mina təhlükəsi işğaldan azad olunmuş ərazilərdə torpaqlardan həm yaşayış, həm kənd təsərrüfatı, həm də ekosistemin bərpası məqsədilə istifadəsini mümkünsüz edib.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. İşğaldan azad olunmuş ərazilərin, bütövlükdə ekosistemin bərpası böyük resurs və zaman tələb edir. Azad olunmuş ərazilərin bərpasına 2021-2024-cü illər ərzində dövlət büdcəsindən 10 milyard dollardan artıq vəsait ayrılıb ki, bu da Hesablama Palatasının qarşısında yeni vəzifələr müəyyən edir.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Ali Audit Orqanlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısında çıxışı zamanı bildirib.
O, qeyd edib ki, Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələri sırasındadır və ehtimala görə Azərbaycanda 1,5 milyondan çox partlamamış mina və döyüş sursatı var: "Mina təhlükəsi işğaldan azad olunmuş ərazilərdə torpaqlardan həm yaşayış, həm kənd təsərrüfatı, həm də ekosistemin bərpası məqsədilə istifadəsini mümkünsüz edib. Su ehtiyatlarının 75 faizi Azərbaycandan kənarda formalaşan transsərhəd sulardır. Quraqlıq və müvafiq ölkələr tərəfindən həmin çayların su ehtiyatlarından istifadə edilməsi transsərhəd çayların Azərbaycan ərazisinə çatanadək ehtiyatlarının azalmasına səbəb olur. Eyni zamanda, çayların Azərbaycan ərazisinə çatanadək normadan artıq çirklənməsi ətraf mühitə daha böyük mənfi təsirlərlə yanaşı, həmin suların məişət və təsərrüfat məqsədləri üçün istifadə edilməsinə uyğunlaşdırılması əlavə vaxt və resurslar tələb edir".
"Ətraf mühit, o cümlədən iqlim fəaliyyəti sahəsində strateji idarəetmə çərçivəsinin olması və dövlət maliyyə idarəetməsi sisteminin iqlim problemini nəzərə alması çox vacibdir. "İqlim maliyyəsi", "yaşıl büdcə" və s. bu kimi anlayışlar hazırda dövlət maliyyəsinin idarəedilməsi sahəsində populyarlaşsa da, hələ də bu sahədə yaxşı təcrübə kimi qeyd edilə biləcək nümunələrin sayı azdır", Vüqar Gülməmmədov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.