BAKI, 2 oktyabr — Sputnik. Gənclərin əksəriyyəti ali təhsili bitirdikdən sonra kifayət qədər iş təcrübəsinə malik olmadıqlarına görə, iş tapmaqda çətinlik çəkirlər.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib. Ekspert deyib ki, universitetlərin son kurslarında keçilən istehsalat təcrübələri çox önəmlidir:
"Ancaq bu təcrübələr çox zaman işəgötürənlər tərəfindən rəsmi iş təcrübəsi kimi qəbul edilmir və nəzərə alınmır. Bu praktika dövrlərinin təcrübə kimi rəsmi qeydə alınması və sertifikatlaşdırılması gənclərin əmək bazarına daha asan inteqrasiya olmasını təmin edə bilər. Yəni istehsalat təcrübəsində (praktikada) olanda tələbələr ilə rəsmi ƏMAS sistemində müqavilə imzalanmalı və rəsmi qeydiyyat həyata keçirilməlidir".
Ekspert deyib ki, təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq artırılmalı, praktika proqramları təcrübənin keyfiyyətini yüksəltməli və bu dövrlər rəsmi iş təcrübəsi kimi tanınmalıdır:
"Bu addım həm gənclərin iş axtarışında qarşılaşdıqları təcrübə tələblərini qarşılamağa, həm də işəgötürənlərə gələcəyin peşəkarlarını formalaşdırmağa kömək edəcək. Gənclərə təcrübə qazanmaq üçün daha çox imkan yaratmaqla, onların inkişafına və gələcək karyeralarına dəstək göstərməliyik".
İki ildir ki, Azərbaycan universitetlərindən birinin iqtisadiyyat fakultəsinin menecer ixtisasını bitirən Aytən Muradova iş üçün hara müraciət etsə, ondan iş stajı tələb olunduğunu söyləyir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bir ildən çox işsiz qaldıqdan sonra aşağı əmək haqqı ilə poliqrafiya şirkətində işə düzələ bilib.
A.Muradova ali məktəbi bitirən bütün məzunların iş üçün müraciət etdikdə eyni problemlə qarşılaşdırğını söyləyib. Bildirib ki, iş yerlərində yeni ali məktəbi bitirənlərdən də iş stajı tələb olunur:
"Amma heç kəs soruşmur ki, ali məktəbi yeni bitirən tələbənin iş stajı haradan ola bilər ki? Belə çıxır, tələbələr oxumaqla yanaşı dərsdən sonra həm də işləməlidir ki, sabah əllərində diplomla işsiz qalmasınlar".
Ali təhsilin idarəedilməsi üzrə ekspert Məhəmməd Hacı Sputnik Azərbaycan-a bildirib ki, tələbələrin məzun olduqdan sonra qarşılağdıgı ən ciddi problemlərdən biri onların təcrübə problemidir. Problemin həlli üçün ali təhsil müəssisələri kompleks tədbirlər həyata keçirməlidir:
"Ali təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq genişləndirilməlidir. Bu əməkdaşlıq sayəsində şirkətlər, dövlət və özəl sektor təşkilatları tərəfindən məzunlara xüsusi təcrübə proqramları (internship) təklif edilməsi imkanı yaranar. Universitetlərdə keçilən istehsalat təcrübələri, rəsmi iş təcrübəsi kimi tanınmalıdır. İstehsalat təcrübəsinin müddəti uzadılmalı, uğurla başa vuran namizədlərə dövlət nümunəli sertifikat verilməlidir. Bu sertifikatlar işəgötürənlər tərəfindən tanınmalı və gənclərin təcrübəsi olaraq qəbul edilməlidir. Universitetlərdə məzunlar üçün karyera mərkəzləri və platformalar yaradılmalı, burada iş axtarışı və təcrübə proqramları üçün vasitəçilik edilməlidir. Məzunlarla davamlı əlaqə mexanizmləri qurulmalı, onların məşğulluq imkanları təhlil edilməlidir".
Onun sözlərinə görə, universitetlərin tədris proqramlarında daha çox praktikaya yönəlik dərslər və layihələr əlavə edilməli, məzunlara texniki biliklərdən əlavə, iş yerində lazım olan "soft skills" (ünsiyyət, komanda işi və s.) kimi bacarıqları, cv hazırlama, müsahibəyə hazırlıq, və.s kimi təlim və seminarlar təşkil edilməlidir: "Bu məsələdə universitetlərin karyera mərkəzlərinin boynuna böyük yük düşür, onlar bu məsələdə operativ, statistik, davamlı işlər görməlidirlər".