CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: Minimum əməkhaqqının və minimum pensiyanın artırılmasına dair tapşırıqlar verilib

Azərbaycan regional və qlobal səviyyədə mürəkkəb siyasi iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq əhalinin sosial rifahının yüksəldilməsini ən əsas fəaliyyət olaraq müəyyən edib.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Yaşıl iqtisadiyyata keçid dövründə vətəndaşların əmək və sosial hüquqlarının qorunması məsələsi insan kapitalının inkişafı kontekstində dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə insan kapitalının inkişafı dayanıqlı iqtisadi artımın əsas şərtlərindən biridir. Beynəlxalq təşkilatlar tərəfindən aparılan tədqiqatlar göstərir ki, son dövrlərdə əksər inkişaf etmiş ölkələrdə milli sərvət strukturunda nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Bu, özünü iqtisadiyyatda orta hesabla hər ölkənin ümumi sərvətinin 16 faizini təşkil edən fiziki kapitaldan ümumi sərvətin 64 faizini təşkil edən insan kapitalına yönəlməsi kimi göstərir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin üçüncü günündə çıxışı zamanı deyib.
Qeyd edilib ki, eyni zamanda, sosial müdafiə sistemi insan kapitalının inkişaf meyillərini dəstəkləməyə hazır olmalıdır. Azərbaycan regional və qlobal səviyyədə mürəkkəb siyasi iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq əhalinin sosial rifahının yüksəldilməsini ən əsas fəaliyyət olaraq müəyyən edib. 2018-ci ildən sonrakı dövrdə 4 milyon vətəndaşımızı əhatə edən, ümumi dəyəri 7 milyard manatdan artıq olan böyük sosial islahat paketləri həyata keçirilib. Həmin istiqamətdə yönəldilən illik maliyyə vəsaiti 4 milyard dollardan artıq olub.
"Prezident İlham Əliyevin son dövrlərdə verdiyi bəyanatlarda vurğuladığı kimi sosialyönümlü siyasət davam edəcək. Növbəti ilin əvvəlində Azərbaycanda həm minimum əməkhaqqının, həm də minimum pensiyanın artırılmasına dair tapşırıqlar verilib. Növbəti ilin dövlət büdcəsində də həmin artımlar üçün müvafiq vəsait nəzərdə tutulacaq", nazir bildirib.
O qeyd edib ki, əmək münasibətlərinin tənzimlənməsi və qeyri-formal məşğulluqla mübarizə sahəsində həyata keçirilən silsilə tədbirlər nəticəsində son 6 il ərzində əmək müqavilələrinin sayı 44 faiz artıb. Həmin müddət ərzində məşğulluq orqanları tərəfindən 650 min işsiz və işaxtaran şəxs münasib işlə təmin olunub. 36 mindən artıq vətəndaşımız peşə hazırlığına, 2 min 600 nəfər əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunub. 86 min ailəyə öz kiçik və mikro bizneslərinin qurulması üçün özünü məşğulluq proqramı çərçivəsində imkan yaradılıb.
Nazir bildirib ki, həyata keçirilən tədbirlər çərçivəsində yaşıl bacarıqların inkişafına da xüsusi diqqət yetirilib. Belə ki, son 5 il ərzində 1300 peşə üzrə yeni standartlar və kvalifikasiyalar hazırlanaraq təsdiq olunub.1300 peşə və kvalifikasiyanın 48-i məhz yaşıl bacarıqlar, yaşıl peşələrlə bağlıdır.