RUSİYA

Lavrov ərəb ölkələrinin səfirləri ilə görüşdə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Nazir ərəb dövlətlərinin səfirləri ilə onların xahişi ilə görüşüb.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın Şərqdəki gərginliyin yeni mərhələsi ilə əlaqədar ərəb dövlətlərinin səfirləri ilə görüş keçirib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib
Lavrov Moskvada akkreditə olunmuş ərəb dövlətlərinin səfirləri ilə onların dünən gecə qəbul olunmuş xahişi ilə vəziyyəti müzakirə etmək üçün görüşüb. Zaxarova qeyd edib ki, görüş həmin gün baş tutub və iştirakçıların diqqəti regionda davam edən misli görünməmiş zorakılığın artmasına yönəlib.
Diplomatın sözlərinə görə, fikir mübadiləsi zamanı vurğulanıb ki, bütün tərəflər təxribat xarakterli hərəkətlərdən çəkinməli, təmkinli olmalı və Birləşmiş Millətlər Təşkilatının (BMT) və onun Təhlükəsizlik Şurasının məlum qərarlarına əməl edərək məsuliyyətlə hərəkət etməlidirlər.
Zaxarova həmçinin qeyd edib ki, görüş iştirakçıları Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatların dərhal dayandırılmasını yekdilliklə dəstəkləyiblər. Onlar Yaxın Şərqdə region üçün dağıdıcı nəticələrə səbəb ola biləcək genişmiqyaslı müharibənin artan risklərindən dərin narahat olduqlarını bildiriblər.
"Moskva Yaxın Şərqdə növbəti təhlükəli eskalasiya dövründən son dərəcə narahatdır. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, dünyanın bu hissəsində bir sıra böhranların, ilk növbədə, Fələstin-İsrail münaqişəsinin həll olunmaması vəziyyətin genişmiqyaslı şəkildə gərginləşməsi ilə nəticələnir", Rusiya XİN-in rəsmi nümayəndəsi fikrini yekumlaşdırıb.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran İsrailə kütləvi raket zərbəsi endirib. Yerli media Tehranın 400 ballistik raketin buraxılmasına icazə verdiyini, onlardan yüzə yaxınının hücumun ilk dalğasında istifadə edildiyini bildirib. İran raketlərinin ən azı 80 faizi öz hədəflərinə çatıb.