BAKI, 2 oktyabr — Sputnik. Bu gün, Bakı Metropolitetinə gətirilən yeni metro vaqonların təqdimatı keçirilib. Sputnik Azərbaycan "Xocəsən" elektrik deposunda ("Xocəsən" stansiyası) vaqonların komplektləşdirilməsi prosesini izləyib. Bakı Metropoliteninin Depolarla iş departamentinin rəisi Faiq Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, yaxın 3 il ərzində Bakı metropolitenində 65 yeni nəsil vaqonu və yaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq. Bu qatarlardan 7-si və yaxud 35 vaqon 2024-cü il ərzində Bakıya gətirilməlidir. "81-765 Б/766 Б" seriyalı 7 qatardan 2-si artıq Bakıya çatdırılıb.
"Yeni qatarlar innovasiyalar baxımından sonuncu - 4-cü nəslə mənsub texnologiyalar əsasında istehsal olunacaq. Rusiyada layihələndirilərək istehsal olunan vaqonların təchizatı "Bakı Metropoliteni" QSC-nin texniki şərtləri əsasında həyata keçirilir. Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı və sərnişin rahatlığını təmin edən sistem və avadanlıqlar quraşdırılır. Bağlanmış müqaviləyə uyğun olaraq, vaqonların yığılmasının texniki tamamlama işləri və komplektləşdirməsi Bakı metropoliteninin "Xocəsən" elektrik deposunda başa çatdırılacaq", - deyə Faiq Əhmədov bildirib.
Bakı metropolitenin yeni nəsil vaqonu
© Sputnik / Zulfiyya Guluyeva
O, əlavə edib ki, "Bakı Metropoliteni" QSC yeni qatarların sifarişi məqsədilə dünyada olan aparıcı texnologiyaların öyrənilməsinə və istehsal prosesi zamanı onların vaqonlarda tətbiqinə diqqət edir: "Bundan savayı, Bakı metropoliteninin texniki xüsusiyyətləri, mürəkkəb relyefi, paytaxtın iqlim şəraitinə hesablanmış bir sıra məsələlər də texniki şərtlərin tərkib hissəsi olur. Vaqonların tam komplektləşdirilməsi üçün Bakı metropoliteninin texniki şərtləri və sifarişi əsasında Avropanın bu sahədə qabaqcıl müəssisələri ilə 9 müqavilə imzalanaraq, avdanlıq və hissələr alınaraq Bakıya gətirilib. Vaqonların dartı mühərrikləri Avstriya, dişli muftalar, akkumulyator batareyaları, manometrlər, vaqonlararası keçidlər Almaniya, maşinist kontrolleri və rəqssöndürücülər Çexiya, avtoqoşqular və yarımsabit qoşqular Polşa, relelər və yuvalar Niderland, qapı mexanizmləri İtaliya istehsalıdır. Bununla yanaşı, dünyanın aparıcı istehsalçılarından alınmaqla əyləc blokları, mühərrik kompressorları və s. ilə təchizat məsələləri də komplektləşdirmə məsələlərinin tərkib hissəsinə daxil edilib".
Qurum səlahiyyətlisinin sözlərinə görə, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi, ultrabənövşəyi lampalarla vaqon salonunda havanın zərərsizləşdirilməsi, istilik izolyasiyasının effektini artıran tambursuz konstruksiya kimi məsələlər bu xüsusda əsaslardan biridir: "Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Bu isə sərnişin tutumunun artmasına şərait yaradır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçün hesablanıb. Vaqonlar arasında birbaşa keçidlər sərnişin salonunun 15 faiz genişlənməsinə və daha çox sərnişin daşımağa, Bakı metropoliteni üçün xüsusi əhəmiyyət kəsb edərək sərnişinlərin qatar boyunca hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə Bakı metropoliteni üçün ən mühüm məsələlərdən biri kimi, sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir".
Müsahibimiz əlavə edib ki, vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər mövcuddur.
Bakı metropolitenin yeni nəsil vaqonu
© Sputnik / Zulfiyya Guluyeva
Yeni vaqonlar müəyyən innovatik texnologiyalarla da təmin olunub. Belə ki, bu vaqonlarda mobil cihazları enerji ilə yükləmək üçün USB portlar, müasir məlumatlandırma sistemləri də sərnişin məmnunluğuna müsbət təsir edən elementlərdir: "Ümumilikdə, "81-765 Б/766 Б" seriyasından olan yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub. Bir qatarın komplektləşdirilməsi başa çatdırılaraq, sazlama işləri üçün "Nərimanov" elektrik deposuna göndərilib. Bundan savayı, daha iki qatar tərkibi də "Xocəsən" elektrik deposuna çatdırılıb. Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üç qatar tərkibi də ölkəmizə çatdırılacaq. Bütün qatarların yığılaraq komplektləşdirilməsi başa çatdırıldıqdan sonra, normativlərə uyğun sazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunaraq xətlərə buraxılacaq".
Sputnik Azərbaycan vaqonların yığılmasının texniki tamamlama işləri və komplektləşdirməsi üçün Moskvadan Bakıya gələn "Metrovaqonmaş" ASC-nin əməkdaşı ilə də həmsöhbət olub. Rusiyanın "Metrovaqonmaş" şirkətinin zavodunda çalışan azərbaycanlı Anar Heydərov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, artıq 7 ildir ki, bu zavodda işləyir.
Rusiyanın “Metrovaqonmaş” şirkətində zavodunda çalışan azərbaycanlı Anar Heydərov
© Sputnik / Zulfiyya Guluyeva
"Bizim müəssisənin istehsal etdiyi vaqonlar dünyanın bir sıra ölkələrinə göndərilir. Sevinirəm ki, mənim də hazırlanmasında zəhmətimin keçdiyi vaqonlar Azərbaycanda sərnişinlərin istifadəsinə veriləcək. yeni vaqonlar kompyuterləşmiş sistemlə işləyir, müasir avadanlıqlarla təmin olunub. Biz çalışırıq ki, istehsal prosesini müasir dövrün tələblərinə uyğunlaşdıraq. Mən öz işimi çox sevirəm. Bizim müəssisənin nümayəndələri Azərbaycana ezamiyyətə göndərilib ki, biz burada vaqonların komplektləşdirilməsi işini başa çatdıraq", - deyə Anar Heydərov bildirib.