İQTİSADİYYAT

Azərbaycanın çörəyi Rusiyadan çıxır

Azərbaycanın buğda tədarükünün 99,9%-ni Rusiya qarşılayır.
Sputnik
BAKI, 2 oktyabr — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 102,6 milyon dollar dəyərində 460,6 min ton buğda idxal edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı miqdar baxımından 20%, dəyər baxımından 37,7% azalıb. Rəqəmlərdən də görünür ki, buğda idxalında azalma müşahidə edilir.
Azərbaycana buğda tədarükündə Rusiyanın payı artıb. Hesabat dövründə Azərbaycan buğdanı əsasən Rusiyadan, az miqdarda isə Türkiyədən alıb. Belə ki, həmin dövrdə Azərbaycanın buğda idxalının 99,9% Rusiyanın payına düşüb. Keçən ilin 7 ayında isə Azərbaycanın buğda idxalının 74% Rusiyanın payına düşmüşdü. Rusiyadan buğda idxalı ölkəmiz üçün daha ucuz başa gəlir.
Nazir: "1991-2023-cü illərdə taxıl istehsalı 2 dəfədən çox artıb"
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 1991-ci ildə Azərbaycanda 1,3 milyon ton taxıl məhsulları, o cümlədən 889,4 min ton buğda istehsal edilmişdisə, 2023-cü ildə ölkədə 3,2 milyon ton (2,4 dəfə çox) taxıl, o cümlədən 1,8 milyon ton buğda (2,1 dəfə çox) istehsal edilib: "Azərbaycan SSRİ dövründə buğda ilə özünü təqribən 30% səviyyəsində təmin edirdisə, hazırda bu göstərici təqribən 58%-ə yüksəlib. Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə dövlət-özəl tərəfdaşlığı hesabına və müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni hədəflər və imkanlar yaradıb".
Nazir bildirib ki, ölkədə aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarı ədalətli rəqabətə açmışıq: "Hazırda xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilir. Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilməklə bu mexanizmlər üzrə dəstək tədbirlərinin həcmi də mütəmadi olaraq artırılır. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə ciddi şəkildə yüksəlib".
"Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur"
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov bildirib ki, Azərbaycanın buğda idxalının 80%-dən çoxu Rusiyanın payına düşür: "2023-cü ildə Azərbaycan 1175000 ton buğda idxal edib. Bunun 1022000 tonu Rusiyadan, 153000 tonu Qazaxıstandan alınıb. Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur ki, bunun da 1,7 milyon tonu yerli istehsal, 1,1 milyon tonu isə idxal hesabına ödənilir. Azərbaycanda su ehtiyatları iqlim dəyişikliyindən təsirlənir. Buna baxmayaq ölkədə taxıl, o cümlədən buğda istehsalı artır".
Buğda istehsalına görə subsidiya verilir
Qeyd edək ki, ölkədə ərzaqlıq buğda istehsalına görə məhsul subsidiyası verilir. Bu, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir.
İQTİSADİYYAT
Qazaxıstan Azərbaycana 1 milyon tondan çox buğda tədarük etməyə hazırdır