BAKI, 1 oktyabr — Sputnik. Azərbaycanda minimum əməkhaqqının artırılması yalnız dövlət sektorunu deyil, eyni zamanda özəl sektoru əhatə edir. Bu, o deməkdir ki, minimum əməkhaqqı artırılandan sonra özəl sektorda da yeni minimum əməkhaqqından az maaş ödəmək mümkün olmayacaq. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a minimum maaş artımının özəl sektora təsirindən danışarkən deyib.
Minimum əməkhaqqından aşağı maaş ödəmək qanunla qadağandır
O bildirib ki, hazırda minimum aylıq əməkhaqqının məbləği 345 manatdır. Artımdan sonra yeni məbləğ də özəl sektor üçün ən aşağı əməkhaqqı olacaq. Çünki minimum əməkhaqqı həm dövlət həm də özəl sektorda ən aşağı əməkhaqqını göstərən meyardır:
"Nə dövlət nə də özəl sektorda minimum əməkhaqqından aşağı maaş ödəmək mümkün deyil, qanunla qadağandır. Ona görə də özəl sektorda minimum əməkhaqqı səviyyəsində maaş alan vətəndaşların maaşlarında artımlar olacaq. Lakin özəl sektorda çalışan digər vətəndaşların maaşları birbaşa təbii ki, sahibkarlar tərəfindən müəyyənləşir. Çünki dövlətin özəl sektorda əməkhaqqı siyasətinə həm mülkiyyət hüquqları baxımından, həm də fundamental qanunvericilik aspektindən müdaxilə imkanları yoxdur".
Bayramovun fikrincə, minimum əməkhaqqının artırılması kontekstində tövsiyə olunur ki, sahibkarlar da yalnız minimum səviyyədə əməkhaqqı alan vətəndaşların maaşlarını deyil, bütövlükdə bu sektorda əməkhaqqı artımlarını həyata keçirsinlər.
O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir:
"Minimum əməkhaqqındakı gözlənilən artım sadəcə aşağı maaşlarda deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əməkhaqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır".
"Gələn ildən minimum əməkhaqqı yenə də artırılacaq"
Qeyd edək ki, Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib ki, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Onu da bildirməliyəm, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq. Yəni bu sosialyönümlü siyasət bir daha bizim ümumi siyasətimizi, niyyətimizi göstərir.
Xatırladaq ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.