BAKI, 30 sentyabr - Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin İrandan Ermənistana işgüzar səfərə gedib.
Sputnik Ermənistan-ın məlumatına görə, o, oktyabrın 1-də Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd olunur ki, sabah Avrasiya Hökumətlərarası Şuranın iclası zamanı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin cari vəzifələrini müzakirə edəcəklər.
Tədbir zamanı tərəflər daxili bazarın fəaliyyətini, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və energetika sektorlarında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsini müzakirə edəcəklər.
Bundan əlavə, hökumət başçıları 2030-cu ilə qədər Avrasiya İqtisadi İttifaqı çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini nəzərdən keçirəcəklər.
İclasda Birliyə müşahidəçi dövlətlərin və dəvət olunmuş qonaqların iştirakı gözlənilir.
Hökumətlərarası şuranın qarşıdan gələn iclası Avrasiya İqtisadi İttifaqının fəaliyyətə başlamasından bəri sayca 40-cı, 2024-cü ildə isə üçüncü iclası olacaq. Bundan əvvəlki görüş iyunun 3-4-də Belarusun Nesvij şəhərində baş tutub.
Xatırladaq ki, Rusiyanın hökumət başçısı bu gün səhər İrana rəsmi səfər etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.