SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlamentdə Xarici müdaxilə və hibrid təhdidlərə qarşı komissiya yaradıldı - Səbəb nədir?

Spiker bildirib ki, xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın Milli Məclisində yeni komissiya yaradılıb.
Parlamentin payız sessiyasının ilk iclasında "Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında" məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. Ramid Namazov Komissiyanın sədri, Sevil Mikayılova, Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Qaya Məmmədov, Rasim Musabəyov, Gülşən Paşayeva və Zaur Şükürov Komissiyanın üzvləri seçilib.
Spiker Sahibə Qafarova komissiyanın yaradılması ilə bağlı danışarkən bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin ilk iclasında etdiyi çıxışın önəmli bir hissəsini müəyyən xarici dairələrin ölkəmizə qarşı hazırladığı planlara, onların apardığı qarayaxma, iftira, böhtan kampaniyalarına, ideoloji təxribatlara həsr etmişdi:
"Bildiyiniz kimi, ideoloji təhlükəsizlik məsələləri dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xüsusi aktuallıq kəsb edib. Xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər. Bu səbəbdən ölkəmiz mürəkkəb xarakterli təhlükələrlə üzləşir. Ənənəvi çağırışların qalmaqda davam etdiyi bir şəraitdə yeni, daha məkrli müdaxilə formaları da ortaya çıxır. Bu cür hərəkətlər dövlətimizi daxildən zəiflətməyə, ictimaiyyətin dövlət institutlarına etimadını sarsıtmağa və nəticə etibarı ilə milli maraqlarımıza xələl gətirməyə, müstəqilliyimizi və ictimai-siyasi sabitliyimizi təhlükə altına almağa yönəlib".
"Onu da deyim ki, bir sıra hallarda biz üstüörtülü təhdidlər və müdaxilələr ilə qarşılaşırıq, cəmiyyətimiz və dövlətimiz ilə manipulyasiya etmək cəhdləri çoxgedişli təbliğat kampaniyaları - onu biz hamımız yaxşı bilirik - saxta şüarlar ilə pərdələnir. Bu baxımdan, hesab edirəm ki, komissiyanın fəaliyyəti çevik, aktiv və preventiv xarakter daşımalıdır", spiker qeyd edib.
Bizə qarşı sanksiyalar tətbiq etməyə çalışacaqlar
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması ilə bağlı məsələnin müzakirəsi zamanı bildirib ki, bizə qarşı sanksiyalar tətbiq etməyə, məhkəmələrə verməyə çalışacaqlar. Bu təhlükələrin hamısı bütün azərbaycanlıların əleyhinədir: "Qələbəmizdən sonra Azərbaycanın hərbi, siyasi gücü artıb, ancaq bundan sonra da bizə təzyiqlər olacaq. Qələbəmizi qorumaq vəzifəmizdir".
Deputat Bəhruz Məhərrəmov Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılmasını Prezidentin müəyyən etdiyi praqmatik yol xəritəsinə uyğun sayıb.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev isə bildirib ki, hansısa terrorçu qruplar sərhəddə aktivləşiblər. Deputat Milli Məclisin yeni yaradılan Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının maarifləndirmə sahəsində fəaliyyətinin aktiv olmasını zəruri sayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.