İQTİSADİYYAT

Günəş elektrik enerjisi istehsalı doqquz dəfədən çox artıb - Nazir

Energetika Nazirliyi Qobustanda 100 meqavat gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üçün tender elan edib.
Sputnik
BAKI, 30 sentyabr — Sputnik. 230 meqavat gücündə xarici sərmayə əsaslı ilk günəş elektrik stansiyasının istifadəyə verilməsi ilə günəş elektrik enerjisi istehsalı bu ilin 8 ayında 9 dəfədən çox artıb.
Bunu energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.
"İlin sonunadək imzalanmış sənədlərə uyğun olaraq ümumi gücü 340 meqavat olan iki günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə tədbirlərin davam etdirilməsi, 100 meqavat gücündə olan stansiya üzrə isə üç hərracın nəticələrinin elan edilməsi nəzərdə tutulub. 2 giqavata yaxın 8 günəş və külək, həmçinin azad edilmiş ərazilərdə 270 meqavat gücündə 32 kiçik su elektrik stansiyaları emissiyaları illik 2,9 milyon tona qədər azaltmağa imkan verir", nazir qeyd edib.
Ölkədə yaşıl enerji istehsalı artıb
Qeyd edək ki, Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, bu ilin yanvar-avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19,2 milyard kilovat-saat olub. Bu dövrdə külək elektrik stansiyalarında 37,9 milyon kilovat-saat, günəş elektrik stansiyalarında 424,3 milyon kilovat-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,2 milyard kilovat-saat artaraq 2,7 milyard kilovat-saat təşkil edib. Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 milyon kilovat-saat, idxalı isə 125,5 milyon kilovat-saat olub.
Xatırladaq ki, bu ilin aprel ayında Energetika Nazirliyi Qobustanda 100 meqavat gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üçün tender elan edib. Hərrac yaşıl enerjinin inkişafı üzrə dövlət siyasəti çərçivəsində keçirilir və bu sektora özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsinə yönəlib. Hərrac 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisi istehsalında payını ən azı 30%-ə çatdırmaq hədəfinə nail olmaq üçün atılan addımlardan biridir. Hərracın keçirilməsi həmçinin COP29-a hazırlıqla əlaqədardır və "Yaşıl dünya naminə həmrəylik ili" təşəbbüslərini dəstəkləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.