BAKI, 29 sentyabr — Sputnik. Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə oktyabrın 6-da növbəti imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahan saat 13:00-da başlanır. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş ərizəçilər oktyabrın 1-dən etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər.
Qeyd edilib ki, təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.
İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.