İQTİSADİYYAT

Əkin sahəsini sığorta edərkən fermerin diqqət yetirməli olduğu – 7 VACİB MƏSƏLƏ

Bəzi hallarda fermerlər əkin sahələrini sığorta edərkən müəyyən halları nəzərdən qaçırırlar, bu isə sığorta ödənişlərinin təsdiqinə, məbləğinə və vaxtına ciddi təsir edir.
Sputnik
BAKI, 23 sentyabr — Sputnik. Azərbaycanda fermerlərin gəlirlərini və məhsulunu qorumaq məqsədilə tətbiq olunan dövlət dəstəkli aqrar sığorta mexanizmi ildən-ilə genişlənir. Qarşıdan gələn payızlıq əkinlərin sığorta mövsümündə minlərlə fermer yüz minlərlə hektar sahədə əkin aparacaq və təsərrüfatlarını sığorta edəcək.
Aqrar Sığorta Fondundan Sputnik Azərbaycan-a bildirilib ki, Fond tərəfindən mütəmadi həyata keçirilən monitorinqlər, müraciətlərin təhlili nəticəsində həm də fermerlər tərəfindən diqqət yetirilməli məqamlar araşdırılır. Bəzi hallarda fermerlər əkin sahələrini sığorta edərkən müəyyən halları nəzərdən qaçırırlar, bu isə sığorta ödənişlərinin təsdiqinə, məbləğinə və vaxtına ciddi təsir edir.
"Sığortanın vaxtına hələ var" - müqavilənin gec bağlanması
Aqrar sığorta qaydalarına görə, əkin sahələrini müəyyən dövrdə sığorta etmək olar. Bu müddət məsələn, payızlıq əkinlər üçün oktyabrdan dekabr ayına qədərdir. Bəzən fermerlər əkin işləri aparsalar da, əkin sahəsini sığortalamağı ləngidir, bunu yalnız ilin sonunda edirlər. Nəticədə əkin sahəsi oktyabr, noyabr və ya dekabrda baş verən hadisələr qarşısında sığortasız olur. Ən sərfəli üsul torpaq əkilən kimi sığorta üçün müraciət olunmasıdır. Bu zaman bitki cücərti fazasında olduğu andan sığorta təminatı qüvvəyə minir və baş verən bütün hadisələrdə fermerə dəyən zərər qarşılanır.
"Sığorta müqaviləsi var, pulunu sonra ödəyərəm" - sığorta haqqının vaxtında ödənilməməsi
Bir çox halda fermer sığorta üçün müraciət edir, müstəqil ekspert əkin sahəsinə baxış keçirir, müqavilə hazırlanır, lakin sığorta haqqı ödənilmədiyinə görə müqavilə qüvvəyə minmiş sayılmır. Qaydalara əsasən, sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir. Fond bir qayda olaraq bu barədə fermerlərə məlumat verir.
Lakin bəzi hallarda fermerlər sığorta müqaviləsinin hazırlanmasını onun qüvvəyə minməsi kimi qəbul edir, ödəniş etməyə tələsmirlər.
Amma hətta müqavilə qüvvəyə mindikdən sonra belə təminatlar 7 günlük gözləmə müddətindən sonra başlanır. Yəni müqavilə bağlansa da, ödəniş edilənə qədər və ödəniş edildikdən sonrakı 7 günlük müddət ərzində baş vermiş hadisələr qarşılanmır.
Taxıl biçini
4 ton məhsul alınan sahə 2 ton məhsulla bəyan edilir - məhsuldarlığın düzgün göstərilməməsi
Ən çox rast gəlinən hallardan biri fermerlərin bəyan zamanı əkin sahəsindən gözlənilən məhsuldarlığı az göstərmələridir. Bəzi hallarda fermerlər məsələn, 40 sentner məhsul gözlədikləri halda, bilərəkdən və ya məlumatsızlıqdan sahədən 30 sentner məhsul götürəcəklərini bəyan edirlər. Bu hal hadisə baş verərkən fermerin real zərərdən daha az sığorta ödənişi almasına səbəb olur. Çünki hadisə baş verərkən ödəniş məbləği yalnız bəyan edilmiş məhsuldarlığa əsasən hesablanır.
Əkilən toxumun sertifikatı olmalı və düzgün göstərilməlidir
Əkilən bitkinin toxum serfikatının olması sığorta ödənişi zamanı vacib şərtlərdən və fermerlərin diqqət yetirməli məqamlardan biridir. Fermer həmin toxum sertifikatının bir nüsxəsini özündə saxlamalıdır. Sertifikatın olmaması və ya əkilən bitki ilə uyğun gəlməməsi sığorta ödənişindən imtinaya səbəb ola bilər.
Əkin növünün düzgün göstərilməsi
Müqavilələrdə təminat verilən bitki növü də dəqiq göstərilməlidir. Bəzən fermerlər taxıl əkinlərində məhsulu göstərərkən arpa və ya buğda olmasına əhəmiyyət vermirlər, nəticədə toplanan məhsulla bəyan edilən məhsul növü arasında uyğunsuzluq Fondun sığorta ödənişini təsdiqləməyinə mane olur.
Sığota hadisəsi barədə vaxtında məlumat verilməsi
Təsərrüfatda hadisə baş verdikdə Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciəti və sığorta tələbi ödəniş üçün əsas şərtdir. Əkin sahələrində hadisə baş verdikdə Fonda 10 gün ərzində, heyvandarlıq təsərrüfatlarında isə 24 saat ərzində müraciət edilməlidir, müraciətin vaxtında edilməməsi imtinaya səbəb ola bilər. Bundan başqa, bitkiçilik, məsələn meyvə bağlarının sığortasında tez müraciətin qeydə alınması zərərin vaxtında və dəqiq hesablanmasına və ödənişin də düzgün təyin olunmasına səbəb olur.
Kartof yığımı
Sığorta kalkulyatoru - fərqli hadisələrdən sığorta var
Aqrar sığorta əkin sahələrini çoxsaylı risklərdən qoruyur, buraya baza zərfindən başqa, doludan keyfiyyət itkisi, donvurma, leysan, bitki xəstəlikləri də aiddir. Baza zərfi bu əkin sahəsi üzrə risklərin əsas hissəsini əhatə edir. Fermerlər bu müqavilənin hansı riskləri əhatə etdiyinə diqqət yetirməlidirlər. Əkinləri əlavə risklərdən də sığorta etmək üçün onlara lazım olan əlavə riskləri seçmək olar. Bunun üçün Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki "Sığorta kalkulyatoru"na baxmaq kifayətdir.
Ödənişlər yalnız sığorta müqaviləsində olan hadisələrə görə edilir, buna görə də fermerlər mütləq hansı sığorta zərfini aldıqlarını, bu sığortaya sığorta hadisələrini və zərər növlərini araşdırmalıdırlar.
Aqrar Sığorta Fondu haqqında
Xatırladaq ki, 2019-cu ildə Aqrar Sığorta Fondu təsis edilib. "Aqrar sığorta haqqında" qanuna əsasən ölkədə aqrar sığorta sistemi dövlət-özəl əməkdaşlıq prinsipləri əsasında qurulub. Aqrar Sığorta Fondu dövlət tərəfindən təsis olunan və riskləri daşıyaraq sığorta ödənişini həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir. Aqrar Sığorta Fondu öz fəaliyyətində və idarəetmədə qabaqcıl korporativ idarəetmə standartlarını tətbiq edir. Fond müştərək sığortadan istifadə edərək investisiya risklərinin azalmasına və təsərrüfatların təhlükəsizliyini artırılmasına, istehsalın genişlənməsinə şərait yaradır. Aqrar sığorta sistemi könüllü sığorta prinsipləri əsasında təşkil edilib.
Aqrar sığorta sisteminin məqsədi:
Aqrar sığorta bazarı infrastrukturunun formalaşdırılmasına və inkişafına kömək göstərmək;
Aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək;
Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsini təmin etmək;
Kənd təsərrüfatı məhsullarının istehsalının davamlılığını təmin etmək;
Kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarına dəstək olmaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.