"Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. İşğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir", - dövlət başçısı qeyd edib.
“Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir", - məktubda deyilir.