BAKI, 29 sentyabr - Sputnik. Livanın Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın Beyrutda İsrail tərəfindən öldürülməsi bir daha sübut etdi ki, Təl-Əviv heç bir beynəlxalq normalara riayət etmir. Bunu İran prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda İsrail tərəfindən öldürülməsinə İranın cavab verməyəcəyi müqabilində ABŞ və Avropa ölkələri rəhbərlərinin atəşkəslə bağlı vədləri də yalandır.
“Belə bir cinayət (Livan Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın qətli - red.) bir daha sübut etdi ki, bu (İsrail - red.) cinayətkar rejim heç bir beynəlxalq norma və çərçivəyə əməl etmir. İranın Haniyənin qətlinə reaksiya verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa dövlətlərinin başçılarının bəyanatları da tamamilə yalandır və belə cinayətkarlara şans vermək onları daha çox cinayət törətməyə cəsarətləndirəcək”, - bu sözləri prezidentin rəsmi saytı sitat gətirir.
İyulun sonunda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidentinin andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehrandakı iqamətgahına hücum nəticəsində öldürülüb.
Hərəkat Haniyənin ölümündə İsrail və ABŞ-ı günahlandırıb və hücumun cavabsız qalmayacağını bildirib. İsrail rəsmiləri Haniyənin öldürülməsi ilə bağlı heç bir şərh vermədiklərini bildiriblər.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud daha sonra HƏMAS siyasi bürosunun rəhbərinin ölümündə ABŞ-ın əli olmadığını bildirib.
İyulun 31-i axşam saatlarında ABŞ-nin “New York Times” qəzeti mənbələrə istinadən iddia edib ki, İranın ali dini lideri Əli Xamneyi Tehranda Haniyyənin qətlinə cavab olaraq İsrailə birbaşa zərbə endirmək əmri verib.
Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrvani BMT Təhlükəsizlik Şurasının iclasında deyib ki, Tehran beynəlxalq qanunlara riayət edərək, lazım bildiyi zaman Həniyənin qətlinə cavab vermək üçün özünümüdafiə hüququnu özündə saxlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.