CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Aparatı Ramal Rəsulovun döyüldüyü uşaq evində monitorinq aparıb

Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır.
Sputnik
BAKI, 27 sentyabr — Sputnik. "3 saylı uşaq evi sosial xidmət müəssisəsində monitorinq həyata keçirilib, saxlanma şəraiti, qidalanma və digər məsələlər araşdırılıb".
Bu barədə APA-nın sorğusuna cavab olaraq Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilən sözügedən şəxslə (R.Rəsulovla) fərdi qaydada konfidensial söhbət aparılıb:
"Eyni zamanda, müəssisədə yaşayan digər uşaqlarla fərdi və qrup şəklində konfidensial söhbətlər aparılıb. Müvafiq qeydlər götürülüb və faktla bağlı aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılıb".
Xatırladaq ki, müəssisənin azyaşlı sakini R.Rəsulov həmin müəssisədə uşaqların kamera olmayan yerlərdə - dəhlizdə və sanitar qovuşaqda döyüldüyünü və təhqir edildiyini iddia edib".
21.09.24, 16:42
Uşaq evində döyülən Ramal Rəsulov sosial psixoloji reabilitasiyaya cəlb olunub
3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb.
Bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır. Müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.
Məlumat üçün deyək ki, adıçəkilən müəssisə təxminən 1 aydır ki, hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial Xidmətlər Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır.
Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq, artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılmaqdadır.
Əlavə məlumat veriləcək.
20.09.24, 14:33
İnternatdan qaçan azyaşlı digər uşaq müəssisəsinə yerləşdirildi
Sosial Xidmətlər Agentliyi internatdan qaçaraq küçələrdə yaşayan uşaqla bağlı açıqlama verib. Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Ramal Rəsulov ötən gün Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə yerləşdirilib.
Qeyd edək ki, Bakıda 13 yaşlı yeniyetmənin 8 gündür ki, Xətai rayonunda yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 3 saylı uşaq evindən qaçaraq küçələrdə yaşadığı haqda məlumatlar yayılıb. Qafqazinfo.az saytının yaydığı xəbərə görə, özünü Ramal kimi təqdim edən yeniyetmə ARB TV-də yayımlanan "Səni axtarıram" verilişinə gələrək ağır ittihamlar səsləndirib. Həmin şəxs iddia edib ki, həmin müəssisədə uşaqları kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyürlər, təhqir edirlər. Xüsusən bunu uşaq evindəki digər uşaqlara tapşırırlar:

"Mən orada qalmaq istəmirəm, bizi hər gün "veşalka" ilə döyürlər. Bizə tərbiyəsiz şeylər göstərirlər. Orada Elvin adlı uşaq var, müəllim ona tapşırdı ki, get bunun ayağını qır gəl. O da gedib uşağın ayağını qırdı. İlahə müəllimə 3 uşağı ikinci mərtəbədən aşağı atıb... Bizə uşaq evində hər gün makaron, quru çörək verirlər. Ət verəndə içindən qurd çıxır. Yeyə bilmirik, qabağımıza atırlar. Uşaq evinə təzə müdir gəlib, adı Günay xanımdır (red: sözügedən vəzifəni Gülnarə Şəmiyeva icra edir). O da belə şeylər edir".

Ramal bütün bunlara dözməyərək qaçdığını, uşaq evinə qayıtmağa da qorxduğunu deyib.
Sputnik Azərbaycan-a bildirilib ki, hazırda Agentlik tərəfindən azyaşlının iddiaları əsasında araşdırma aparılır.
DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı isə bildirib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb:

"Yetkinlik yaşına çatmayan şəxs polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən digər sığınacağa yerləşdirilib. Onun səsləndirdiyi iddialarla bağlı müvafiq araşdırma aparılır".

Xatırladaq ki, sözügedən uşaq evi ilə bağlı daha əvvəl də analoji ittihamlar yayılmışdı. Ötən il uşaq evinin yeniyetmə sakinlərindən biri həmin müəssisədə uşaqlar üçün ayrılan ərzağın onlara çatmadığını bildirmişdi. Qeyd etmişdi ki, əti bişirərək, sümüyünü uşaqlara verirlər, özünü isə evlərinə aparırlar. Ondan sonra o, 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Müəssisənin direktoru Məhbubə Hüseynova isə işdən çıxarılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.