Qarabağın dirçəlişi və reinteqrasiyası

Sədr müavini: Artıq Böyük Qayıdışın doqquzuncu təyinat ünvanına ilk köç yola salınır

Bu günədək Qarabağıın və Şərqi Zəngəzurun səkkiz yaşayış məntəqəsinə - 4 şəhərə və 4 kəndə soydaşlarımızın qayıdışının və dayanıqlı məskunlaşmasının təmin edildiyi bildirilib.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Bu gün biz 44 günlük Vətən müharibəsində və daha sonra keçən il antiterror əməliyyatında Zəfər qazanmış və dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan xalqı olaraq tarixi Zəfərin məntiqi nəticəsi olan Böyük Qayıdışın sevincini, qürurunu və fəxarətini yaşamaqdayıq. Ölkəmiz qarşısında beş milli prioritetdən biri kimi tanınan böyük qayıdış Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla icra olunmaqdadır. İşğaldan azad edilmiş ərazilərimizdə sözlə ifadə oluna bilməyəcək qədər tərzdə genişmiqyaslı bərpa və yenidənqurma fəaliyyətləri aparılır, sosial texniki infrastruktur yaradılır, əhalinin dayanıqlı məskunlaşdırılması üçün tədbirlər görülür.
Bu fikirləri jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov
Bu günədək Qarabağıın və Şərqi Zəngəzurun səkkiz yaşayış məntəqəsinə - 4 şəhərə və 4 kəndə soydaşlarımızın qayıdışının və dayanıqlı məskunlaşmasının təmin edildiyini bildirən sədr müavini doqquzuncu təyinat ünvanının Cəbrayıl şəhəri olduğunu qeyd edib: "Bu gün biz daha bir əlamətdar tarixi gün yaşayırıq. Artıq Böyük Qayıdışın doqquzuncu təyinat ünvanı olan Cəbrayıl rayonunun mərkəzinə - Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınır. Bir neçə gündən sonra - oktyabrın 4-də isə biz Cəbrayıl Şəhəri Gününü qeyd edəcəyik. Bütün bunları ruhları qarşısında baş əydiyimiz və hər gün Allahdan rəhmət dilədiyimiz şəhidlərimizə, sağlıq və şəfa arzuladığımız cəngavər qazilərimizə borcluyuq".
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
Cəbrayıla ilk köç karvanı yola salınıb
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.