BAKI, 26 sentyabr — Sputnik. Rusiyanın aparıcı universitetləri Azərbaycanda məktəb və universitetlərdə çalışan rus dili müəllimləri üçün təkmilləşdirmə və ixtisasartırma formatını genişləndirməyə hər zaman hazırdır.
Sputnik Azərbaycan AZƏRTAC-a xəbər verir ki, bu barədə Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov Moskvada keçirilən I Rusiya-Azərbaycan Elm və Təhsil Forumunun iştirakçılarına müraciətində bildirib.
Nazirin sözlərinə görə, Moskva Dövlət Universitetinin bazasında təşkil edilən bu forum Rusiya Federasiyası ilə Azərbaycan arasında elm və təhsil sahəsində ikitərəfli əməkdaşlıq platformasına çevriləcək.
V.Falkov vurğulayıb ki, Rusiyanın aparıcı universitetləri Azərbaycanda məktəb və universitetlərdə çalışan rus dili müəllimləri üçün təkmilləşdirmə və ixtisasartırma formatını genişləndirməyə hazırdır. Rusiya hökumətinin əcnəbi tələbələrin təhsili üçün kvotalarına əlavə olaraq, 2025-ci ildən onların təhsili üçün qrantlar da olacaq ki, bu da təkcə təhsil xərclərini deyil, hətta yol məsrəflərini ödəyəcək.
Nazir hazırda Rusiyanın 32 və Azərbaycanın 16 universitetinin daxil olduğu Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının fəaliyyətini vurğulayıb və iki ölkənin universitetləri arasında əməkdaşlıq proqramlarının elmi və texnoloji inkişaf strategiyalarına yönəldilməli olduğuna qəti əminliyini ifadə edib.
Forumda çıxış edən Azərbaycanın elm və təhsil nazirinin müavini Firudin Qurbanov Rusiya-Azərbaycan münasibətlərinin çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə əsaslandığını xatırladıb. Onun sözlərinə görə, dəyişən dünya və onun çağırışlarına baxmayaraq, bu münasibətləri qorumaq günümüzün ən mühüm vəzifəsidir.
Nazir müavini qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq rus dilinin inkişafına böyük diqqət yetirilir. Ölkəmizin 26 ali məktəbində 16 min tələbə rus bölməsində təhsil alır. Hər il məktəblilər arasında rus dili olimpiadası keçirilir.
F.Qurbanov əlavə edib ki, universitetlər ilə ölkələrimizin aparıcı alimləri arasında fikir mübadiləsi bütövlükdə elm və təhsil sahəsinin səmərəliliyinin artırılmasına kömək edəcək.
Birinci Rusiya-Azərbaycan Elm və Təhsil Forumunun proqramına plenar iclasla yanaşı, bir sıra bölmə formatları və ekspert görüşlərinin keçirilməsi də daxildir. Bununla yanaşı, Rusiya Federasiyası və Azərbaycan Ali Təhsil Təşkilatları Assosiasiyasının iclası keçiriləcək. Tədbir çərçivəsində, həmçinin Rusiya və Azərbaycanın bir sıra universitetləri arasında anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.