BAKI, 26 sentyabr — Sputnik. İqlim dəyişikliyinin dünya iqtisadiyyatı üzərində təsirlərini azaltmaq, qlobal istiləşmənin qarşısını almaq üçün yaşıl iqtisadiyyat konsepsiyasına keçid qaçılmazdır.
Bu fikirləri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da Bakıda keçirilən beynəlxalq konfransda səsləndirib.
Yaşıl iqtisadiyyata keçid dövrünün tələbləri ilə bağlı fikirlərini bölüşən nazir müavini keçid dövründə də əməkçilərin əmək və sosial hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüslərinin xüsusi rol oynadığını diqqətə çatdırıb.
Nazir müavini bildirib ki, 2018-ci ildən sonrakı dövrdə Azərbaycanda 4 milyon şəxsi əhatə edən, illik əlavə maliyyə vəsaiti 7 milyard manat (təqribən 4,1 milyard ABŞ dolları) olan 4 sosial islahat paketi həyata keçirilib. Həmin dövrdə sosial ödənişlər 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, minimum pensiya 2,5 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, orta aylıq əməkhaqqı 84 faiz, median əməkhaqqı 2,2 dəfə, minimum əməkhaqqı 2,7 dəfə və əməkhaqqı fondu 2,8 dəfə artıb.
Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Sahib Ələkbərov bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə yeni çağırışlara adekvat reaksiya verən ölkələrdən biridir.
O deyib ki, bərpaolunan enerji, qaz emissiyalarının azaldılması hazırda mühüm əhəmiyyət kəsb edir.
İqlim dəyişikliyi ilə bağlı Paris sənədinin ölkəmizdə ratifikasiya edildiyini xatırladan S.Ələkbərov bildirib ki, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. Diqqətə çatdırıb ki, işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Nazir müavini bildirib ki, həmin ərazilərdə bərpaolunan və yaşıl enerjinin əldə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.