BAKI, 26 sentyabr — Sputnik. Moskva şəhərində I Rusiya-Azərbaycan Elm və Təhsil Forumu öz işinə başlayıb.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, Moskva Dövlət Universitetinin İntellektual Mərkəzində – Fundamental Kitabxanada təşkil edilən forumda Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov, Azərbaycanın elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiya Rektorlar İttifaqının prezidenti, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniç iştirak edirlər.
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu
Foruma iki ölkədən 70-dən çox ali təhsil müəssisəsinin nümayəndələri qatılıblar. Forumda müvafiq dövlət qurumlarının, Rusiya ilə Azərbaycanın elmlər akademiyalarının nümayəndələri təbrik və məruzələrlə çıxış ediblər.
Daha sonra forum çərçivəsində sessiyalar və ekspert görüşləri keçirilib, Azərbaycan və Rusiyanın ali təhsil və elmi müəssisələri arasında birbaşa əlaqələrin inkişafı, elm sahəsində əməkdaşlığın əsas istiqamətləri, təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın həyata keçirilməsi imkanları və digər məsələlər müzakirə edilib.
Forum çərçivəsində həmçinin Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının iclası keçirilib.
Səfər çərçivəsində nazir müavini Firudin Qurbanov Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, maarif nazirinin müavini Andrey Korneyev ilə görüşüb. Sözügedən görüşlər çərçivəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.