BAKI, 26 sentyabr — Sputnik. Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.
ABŞ Dövlət Departamentinin məlumatına görə, bu gün Nyu-Yorkda yerli vaxtla saat 10:15-də (Bakı vaxtı ilə saat 18:15) ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş baş tutacaq.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları sonuncu dəfə 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində görüşüblər.
22 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.