HƏRBİ

Azərbaycanla İsrail arasında hərbi sahə üzrə memorandum imzalanıb

İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. İsrail ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq genişlənməkdə davam edir. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" platformasında bildirib.
O qeyd edib ki, "AS Holdings" və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan "Ari Arms" bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah"la Strateji Anlaşma Memorandumu imzalayıb.

"Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər", - diplomat qeyd edib.

Regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi davam edir.
Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə “Bakı Ekspo Mərkəzi”ndə keçirilən genişmiqyaslı tədbir regionun ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.