İQTİSADİYYAT

Azərbaycanın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə ticarət dövriyyəsi 28% artıb

Bildirilib ki, Azərbaycan və KƏŞ ölkələri arasında qeydə alınan müsbət statistik tendensiya təkcə ticarətlə məhdudlaşmır. Qarşılıqlı birbaşa sərmayə qoyuluşları sahəsində də əhəmiyyətli artım müşahidə olunur.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr ilə Azərbaycanın ticarət dövriyyəsində xüsusilə son illərdə əhəmiyyətli artım müşahidə olunur. Bu ilin yanvar-avqust aylarında KƏŞ ölkələri ilə ticarət dövriyyəmiz ötən ilin eyni dövrü ilə müqayisədə 28% artıb. Bu dövrdə ixracımız isə iki dəfə artıb.
Bunu Azərbaycan - Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrinin 2-ci iqtisadi forumunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
O bildirib ki, Azərbaycan və KƏŞ ölkələri arasında qeydə alınan müsbət statistik tendensiya təkcə ticarətlə məhdudlaşmır. Qarşılıqlı birbaşa sərmayə qoyuluşları sahəsində də əhəmiyyətli artım müşahidə olunur:

"Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti Azərbaycanda 240 meqavat elektrik enerjisi istehsal gücünə malik külək elektrik stansiyasının yaradılmasına 290 milyon ABŞ dolları sərmayə qoyub və 2025-ci ildə istismara verilməsi planlaşdırılıb. Bundan əlavə, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin 262 milyon ABŞ dollarlıq sərmayəsi ilə ölkəmizdə regionun ən böyük günəş elektrik stansiyası olan 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu layihələr yüksələn xətlə davam edən enerji əməkdaşlığımızdan xəbər verir. Bundan əlavə, biz quruda külək enerjisi layihələrini reallaşdırırıq və bu ilin yanvar ayında Prezident İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti cənab Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən görüşdə Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və yaşıl enerjinin ixracına imkan verən strateji əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və quruda günəş və külək layihələrinin icrası üçün razılaşma əldə olunub".

"Bu sazişlər və layihələr ölkəmizin bərpa olunan enerji potensialından səmərəli istifadəsinə xidmət edir və qurulan tərəfdaşlıqlarımızın dayanıqlıq və ekoloji cəhətdən məsuliyyətli təcrübələrə uyğun olduğunu əks etdirir", - nazir müavini əlavə edib.
Qeyd edək ki, Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumu keçirilir. Forum İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə təşkil edilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 1-ci iqtisadi forumu keçirilib.

"Bugünkü forumda hər iki tərəfdən 400-ə yaxın müxtəlif sektorlarda fəaliyyət göstərən nümayəndə iştirak edir. KƏŞ ölkələrindən Azərbaycan iqtisadiyyatına indiyədək birbaşa yatırılan sərmayənin həcmi 4 milyard dollar təşkil edib. Azərbaycan ilə KƏŞ ölkələri arasında ticarət dövriyyəsi ötən il 2,5 dəfə artaraq 175 milyon dollara çatıb", - Yusif Abdullayev vurğulayıb.

Forumda Körfəz ölkələri ilə bərpaolunan, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq, KƏŞ və Azərbaycan arasında nəqliyyat və logistika sektorlarında problemlər və imkanlar müzakirə edilir.
Xatırladaq ki, 25 may 1981-ci il tarixində qurulan Körfəz Əməkdaşlıq Şurası Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman dövlətlərindən ibarətdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.