İQTİSADİYYAT

Azərbaycanın əsas problemlərindən biri transsərhəd suları ilə bağlıdır - Şöbə müdiri

Rəşail İsmayılov düşünür ki, regional səviyyədə Kür çayı hövzəsində də komissiyanın yaradılması transsərhəd sularının idarə olunmasında çox böyük addım olar.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan sudan əziyyət çəkən ölkədir. Ərazimizin əsas hissəsi materikin daxili hissələrində yerləşdiyindən həssas zonadır.
Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsin Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov Xəzər Su İnnovasiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, regional olaraq Azərbaycanın əsas problemlərindən biri transsərhəd suları ilə bağlıdır.

"Transsərhəd sularının əsas iki elementi var: yeraltı və yerüstü su ehtiyatları. Bunlardan ən həssas olanı isə yerüstü sərhəd sularının transsərhəd səviyyədə effektiv idarə olunmasıdır. Dünyada bununla bağlı kifayət qədər təcrübə var. Sevindirici haldır ki, beynəlxalq su siyasətində bir sıra mühüm addımlar atılıb və razılaşmalar var. Düşünürəm ki, regional səviyyədə Kür çayı hövzəsində də komissiyanın yaradılması transsərhəd sularının idarə olunmasında çox böyük addım olar", - R.İsmayılov bildirib.

Rəşail İsmayılov qeyd edib ki, Azərbaycanda su idarəçiliyi sahəsində lokal səviyyədə ən uğurlu addımlardan biri vahid su siyasətinin aparılması, bütün su qurumlarının birləşdirilməsidir.
Onun sözlərinə görə, Azərbaycanda su sektorunda əvvəllər müxtəlif qurumlar fəaliyyət göstərib ki, bu da su ehtiyatlarının idarə olunmasında pərakəndəliyə gətirib çıxarıb.

"Yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qarşısında çox böyük strategiya var. Ölkədə su ehtiyatlarının kompleks şəkildə effektiv idarə olunması üçün çox böyük addımlar atılacaq. Mənbədən suyun götürülərək istehlakçıya təhlükəsiz çatdırılması, hidrotexniki qurğuların təhlükəsizliyi, su mənbələrinin monitorinqi birbaşa bu qurumun səlahiyyəti altında olacaq", - şöbə müdiri bildirib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.